YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müharibə Azərbaycan xalqının böyük, yenilməz, dəmir iradəli olduğunu göstərdi

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

27  sentyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu şanlı qələbəyə aparan yolun başlanğıcını qoydu. Bu qələbə bizə asanlıqla başa  gəlmədi. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara davam etdiyi dövrdə Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri də səngimədən davam etdi. Bütün bu cəhdlər Müzəffər Ali Baş Komandanımızın diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməsi və məntiqli, faktlara əsaslanan arqumentləri ilə iflasa uğradıldı.

Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin xalqa müraciətlərində  yalnız qələbə xəbəri eşidir, işğaldan azad olunan ərazilərin adlarını böyük səbirsizliklə gözləyirdik. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev tarixi qələbə müjdəsini xalqa çatdırarkən hər zaman bəyan etmişdir ki, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik. Bu müraciətdə şəhidlərimizin əziz xatirəsi yad edildi, onların haqq-ədalət savaşında göstərmiş olduqları şücaətin bənzərsizliyi vurğulandı.

Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında düşmən tab gətirə bilmədi. Ermənistan deyilən ölkə dünyada rəzalət durumuna düşdü. Belə ki, onlar mövqelərini atıb qaçır, fərar edirdilər. Azərbaycan Ordusu isə hər gün daha irəli gedirdi. Beləliklə, Müzəffər Ali Baş Komandanımızın dərindən düşünülmüş döyüş startegiyası nəinki Ermənistanı bütövlükdə erməni faşizmini iflasa uğratdı.

Prezident İlham Əliyevin daim bildirirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və belə də oldu. Ölkə başçımızın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi mübarizəmizin şüarına çevrildi. 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların aça bilmədiyi Qarabağ düyünü Azərbaycan Ordusunun gücü ilə açıldı. Və bununla da Azərbaycan öz ədalətli qələbəsini əldə etdi.

Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşdi. Heç bir şübhə yoxdur ki, bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Qələbə sevinci hər kəsi daha da ruhlandırmaqla yanaşı, gələcəyə daha böyük addımlarla irəliləməyə stimul oldu.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazaraq, onun səhifələrini qələbələrlə, ədalətin bərpa edilməsi ilə zənginləşdirdi. Azərbaycan yazdığı dastan ilə sadəcə öz tarixinə yox, həm də dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.  Artıq Azərbaycan xalqı tam əminliklə deyə bilər ki, Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!