YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyaya səs salan Zəfər

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü, professor

Bu gün Azərbaycan ordusunun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlamasından 2 il ötür. Düz iki il əvvəl - 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhəboyu genişmiqyaslı təxribatlar törətdi. Bu təxribatlara cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm qələbə tariximizə qızıl hərflərlə yazıldı.

Yəqin xatırlayırsız, müharibənin birinci günü Prezident, Ali Baş Komandan İlham Əliyev televiziya ilə xalqa müraciət etdi və bildirdi ki, Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən yaşayış məntəqələrimizi atəşə tutub, mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Dövlət başçısı həmin tarixi müraciətində Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə zərbələr endirdiyini, onun xeyli sayda hərbi texnikası və canlı qüvvəsinin məhv edildiyini bildirdi.

Saat 15 radələrində isə Təhlükəsizlik Şurasının iclası keçirildi və Prezident İlham Əliyev aidiyyəti qurumlara verdiyi göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bildirdi.

“Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - deyən dövlətimizin başçısının bu sözləri hər bir azərbaycanlı üçün əsas şüara çevrildi.

Müharibənin ilk saatlarından düşmənin çox möhkəm qurulmuş ön müdafiə xəttini yaran Azərbaycan Ordusu ilk olaraq Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etdi.

Oktyabrın 3-də isə mühüm strateji əhəmiyyətə malik Madagiz kəndi azad edildi. Öz Tvitter hesabından bu xoş xəbəri xalqımıza çatdıran Ali Baş Komandan İlham Əliyev kəndin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı.

Hər gün daha da irəliləyən ordumuz cəmi bir həftə sonra - oktyabrın 4-də Cəbrayıl şəhərini, oktayabrın 9-da isə Hadrut qəsəbəsini düşməndən azad etdi. Düşmənin “məğlubedilməzlik” mifini darmadağın edən şanlı ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Müstəqillik Günündə - oktyabrın 18-də isə Azərbaycanın üçrəngli bayrağı artıq Xudafərin körpüsü üzərində dalğalanmağa başladı. Hər gün irəliləyən, qəhrəmanlıqla döyüşən ordumuz oktyabrın 20-də isə Zəngilan şəhərini işğaldan azad etdi, iki gün sonra isə Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürdü.

Sonrakı günlərdə Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini azad edən Azərbaycan ordusu daha bir mühüm uğura imza atdı. Belə ki, Qarabağdakı separatçılarla Ermənistanı birləşdirən əsas magistral yol nəzarətə götürüldü. Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti və əsas hədəfi Azərbaycanın baş tacı olan qədim Şuşa şəhəri idi.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biri oldu. Belə ki, Vətən müharibəsi zamanı hər gün sürətlə irəliləyən, günbəgün torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu oktyabrın ortalarında Hadrut qəsəbəsini, daha sonra Xocalı rayonunun Çanaqçı kəndini, ardınca isə strateji Şuşa-Laçın yolunun bir hissəsini düşməndən azad etdikdən sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) şimala doğru irəliləyərək sıx meşələri və keçilməz yarğanları, çətin dağ keçidlərini aşıb, Şuşaya istiqamət götürdü. Noyabrın 7-də igid əsgərlərimiz şəhərin qayalıqlarına dırmaşaraq yüz nəfərlik qruplarla bir neçə istiqamətdən Şuşaya daxil oldular.

Döyüşlər zamanı Şuşaya hətta Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atıldı. Raketin hədəfi azərbaycanlı hərbçilər idi. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını darmadağın etdi və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olundu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev otuz ilə yaxın həsrətlə gözlədiyimiz bu şad xəbəri Azərbaycan xalqına noyabrın 8-də sübh tezdən Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq... Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Şuşanın azad edilməsi Ermənistan ordusunun müqavimət gücünü tamamilə sarsıtdı. 44 gün ərzində ən mühüm əməliyyatlardan olan Şuşanın azad olunması əməliyyatından danışan Prezident İlham Əliyev çıxışlarının birində bu əməliyyatın yalnız Azərbaycan deyil, dünya hərb tarixində xüsusi yer tutduğunu bildirdi:

"Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi".

Uğurlu Şuşa əməliyyatından bir gün sonra – noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 3,8 milyard dollarlıq silah-sursatı sıradan çıxarıldı.

Müharibədəki ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində həyata keçirdiyi hərbi əməliyyatlar dünya hərb dairələrinin diqqətini cəlb etdi və heyrətini doğurdu. Dünyanın güc mərkəzləri ordumuzun Qarabağda nümayiş etdirdiyi döyüş taktikası və yüksək dəqiqlikli hərbi texnikamız, ən başlıcası isə Azərbaycan əsgərinin cəsurluğunu etiraf etməli oldular.

Tanınmış əcnəbi hərbi mütəxəssislər bildirirdilər ki, Vətən müharibəsi günlərində Qarabağda aparılmış hərbi əməliyyatlar dünya hərb sənətində yeni tendensiyalardan xəbər verir və əvvəlki müharibələrdən xeyli fərqlənir. Ən başlıcası ona görə ki, Azərbaycan düşmənlə mübarizədə yeni taktiki üsullardan, müasir silah və texnikadan istifadə edirdi. Şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi və 44 gündə yalnız irəli getdi.

Ermənistan ordusu 44 günlük müharibə zamanı darmadağın edilsə də, baş nazir Nikol Paşinyan kapitulyasiya aktına imza atsa da, təəssülər olsun ki, beynəlxalq havadarlarına arxalanan Ermənistan rəhbərliyi hələ də üzərinə düşən öhdəliklərin bir qismini yerinə yetirməkdən yayınmağa çalışır. Bu azmış kimi, iki il ərzində təxribatlarından qalmayan qanunsuz erməni hərbi birləşmələri bu il avqustun 3-də 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdi. Nəticədə hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdi. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildi. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edildi və yaralandı, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi.

Bu il sentyabrın 12-13-də Ermənistan ordusu yenidən Azərbaycanla sərhəddə genişmiqyaslı təxribatlara əl atdı. Sentyabrın 12-nə keçən gecə hərbi hissələrimizin təchizat yollarını minalayan düşmən, bununla da kifayətlənməyib Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimizi atəşə tutdu. Lakin düşmənin bu təxribatının qarşısı da Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susduruldu. Bu təxribatlar zamanı da Ermənistan tərəfi xeyli canlı qüvvə, hərbi texnika itkisi verdi və bir sıra vacib məntəqələr ordumuz tərəfindən nəzarətə götürüldü.

Sentyabrın 21-də Laçına səfər edən Prezidenti İlham Əliyev burada Azərbaycan Bayrağını ucaltdı və Ermənistanın son təxribatlarına toxunaraq bildirdi ki, nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu:

"Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq".

Prezident həmin çıxışında bir daha vurğuladı ki, əgər düşmən bizə qarşı təxribat törədəcəksə, yenə layiqli cavabını verəcəyik: "Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir".

Cənab Prezidentin qeyd etdiyi kimi, Vətən müharibəsində və ondan sonra ordumuzun həyata keçirdiyi əməliyyatlarda əldə etdiyimiz şanlı qələbələr xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. "Dəmir yumruq" və ondan sonrakı əməliyyatlar zamanı Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 3 min nəfərə yaxın şəhid vermişik. Azərbaycan xalqı, dövlətimiz, mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Dövlət başçımızın sərəncamı ilə sentyabrın 27-si şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Hər il bu tarixdə bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir və edəcək.

İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, daim ürəklərdə yaşayırlar.