YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyət, güc və həmrəylik!

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun qələbəsi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ni işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Ötən müddət ərzində ümummilli lider Heydər Əliyev uzaqgörənlilik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı.

Bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi, ordu quruculuğu sahəsində dünya üçün çox nadir inkişaf modelini yaratdı.

Ən əsası Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını sübut etdilər.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən, sonradan Vətən müharibəsinə çevrilən əks-hücum əməliyyatlarına başladı.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələr üçün böyük zəmin yaratdı.

Vətən müharibəsi nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, Şuşa şəhəri döyüşlə azad olundu. Hərb meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. İndi biz öz torpaqlarımıza şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıdırıq.

Vətən müharibəsi dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adını qazanıb. Çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlar qarşısında müzəffər Azərbaycan Ordusu əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirib istənilən şəraitdə Vətənə uğrunda hər cür fədakarlığa hazır olduğunu bütün dünyaya sübut etmişdir.

Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur.

Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşlar.

Belə ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir və Yevlax  şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Nəticədə çoxsaylı insan təlafatları olmuş, dinc sakinlər yaralanmışdır.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.

2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 02.12.2020-ci il tarixli Sərəncamları ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü, noyabrın 8-i Zəfər Günü kimi təsis edilmişdir. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər.

Hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə, torpağa olan məhəbbət yaşayır. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir.