YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionun böyüməkdə olan kommunikasiya potensialı Zəngəzur dəhlizinin açılması ilə daha da genişlənəcək

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Son illər ölkəmizdə artan nəqliyyat-logistika imkanları regional kommunikasiyanın inkişafına müsbət təsir göstərir. Bakı Beynəlxalq Ticarət Limanının işə başlaması ilə Xəzər dənizi vasitəsilə Şərq-Qərb arasında yükdaşımanın sayı kifayət qədər artmışdır. Xüsusilə, Xəzəryanı dövlətlər arasında ən böyük mülki yük donanmasına və 18 təyyarə ilə ən böyük mülki hava yük donanmalarından birinə malik olan Azərbaycan bu daşımalarda yüksək pay sahibinə çevrilmişdir.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hal-hazırda yeni kommunikasiyaların yaradılması üçün Qarabağ və Şərqi Zəngəzurda yolların çəkilməsi istiqamətində böyük işlər görülür. Elə bu yaxınlarda Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yolların bərpası və yenidən çəkilməsi üçün müxtəlif Sərəncamlar imzalamışdır.

Qarabağ münaqişəsinin həll edilməsi tək Azərbaycanın yox, bütün region dövlətlərinin inkişafına müsbət təsir göstərəcək. Regionumuzun böyüməkdə olan kommunikasiya potensialı Zəngəzur dəhlizinin açılması ilə daha da genişlənəcəkdir. Hazırda bu istiqamətdə işlər görülür və ümid edirik ki, qısa bir zaman ərzində bu dəhlizin açılması reallaşacaq.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin icra edilməsi, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesləri reallaşacağı təqdirdə regionda böyük iqtisadi canlanma baş verəcəkdir. Lakin, bu yaxınlarda Ermənistan tərəfindən dövlət sərhədində genişmiqyaslı hərbi təxribatların törədilməsi, bəzi dövlətlərin və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı səmərəsizliyi sülh müqaviləsinin imzalanmasını gecikdirir.

Azərbaycan Qarabağ məsləsini xalqın birliyi, ordumuzun gücü və cənab Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində həll etdi. Bununla da ölkəmiz BMT Təhlükəsizlik Şurasının 30 ildir kağız üzərində qalmış 4 qətnaməsini icra etmiş oldu. Azərbaycan beynəlxalq arenada daima sülhə, hüquqa, ədalətə dəyər verən bir ölkə kimi tanınıb, həll yolu kimi hər zaman müharibəni rədd edib və məsələlərin sülh yolu ilə həll edilməsinin tərəfdarı olub.