YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz üçün mühüm əhəmiyyətli Sammit

Qafar Əliyev

YAP Qaradağ rayon təşkilatının sədri

2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammiti keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak və çıxış edib. O, ilk növbədə, onu Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət etdiyinə görə Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığını bildirdikdən sonra "Qardaşım Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistan son illər sürətli inkişaf və uğurlu islahatlar yolu keçib"-deyərək həmkarlarına Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat verib.

Prezident, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükdaşırma qabiliyyətinə malik olduğunu və bunun ildə 25 milyon tona qədər artırıla biləcəyini, bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit yüklərin 50 faizə yaxın artdığını, Azərbaycanın 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malik olduğunu, Bakı gəmiqayırma zavodunda bütün növ gəmilərin istehsal edilə bildiyini, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmir yolunun tikilib və ya əsaslı təmir olunduğunu, Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkdiyini, Azərbaycanın 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malik olduğunu, 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayının bugünkü 7-dən 9-a çatdırılacağını da qeyd edib. Azərbaycan Prezidenti həmçinin 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həllinin regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını, Zəngəzur dəhlizi açıldıqdan sonra bunun, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracağını və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacağını da bildirib.

Bundan əlavə, Azərbaycan Prezidenti fürsətdən istifadə edərək cəbhə xəttində son günlər yaranmış gərginliyin səbəblərinə toxunub və Azərbaycan tərəfinin haqlı mövqeyini sammit iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.

Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Dövlət başçısı bəyan edib ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir və buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Prezidenti həmin sammitdə həmçinin bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyinin narahatlıq doğurduğunu, bununla əlaqədar, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd edib. Azərbaycan Prezidenti xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.

Dövlət başçısı həmçinin 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etdiyini, Azərbaycanın sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadıldığını, bunun, ölkəmizə olan hörmətin və etimadın göstəricisi olduğunu, Azərbaycanın öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcəyini də bəyan edib. Beləliklə, Səmərqənddə keçirilən bu sammitdə Azərbaycan haqlı mövqeyini və düzgün siyasətini dünyaya çatdırmaq baxımından əlverişli fürsətdən də səmərəli şəkildə istifadə edə bildi.