YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

27 sentyabr - Anım günü: şəhidlərimizin əziz xatirəsini yad edərkən...

Ədalət Fərəcov

YAP Veteranlar Şurasının üzvü, 91-lərin üzvü, ADPU-nun professoru, Prezident təqaüdçüsü

Azərbaycan əhalisinə qarşı son 200 ildə ermənilər soyqırımlar, qətliamlar törətmək üçün yaranmış tarixi məqamlardan həmişə riyakarlıqla istifadə etmişlər.

1988-1990-cı illərdən başlayaraq Ermənistan Azərbaycana qarşı Sovet İttifaqının süqutu ərəfəsində yeni ərazi iddiaları irəli sürdü. 1990-1992-ci illərdə Azərbaycanda hadisələr özünün böhran mərhələsinə yaxınlaşırdı. Ölkədə yaranmış xaos vəziyyəti və Qarabağ uğrundakı  döyüşlərdəki uğursuzluqlar unudulmuşdu. Azərbaycanda 20 Yanvar hadisələri, Xocalı soyqırımı baş verdi. 1993-cü ilin iyun ayında xalqın istəyi ilə Heydər Əliyev hakimiyyətə gəldi, ordu quruculuğuna mühüm əhəmiyyət verildi. Qarabağ uğrunda gedən döyüşlərdə əsaslı dönüş yarandı.

1994-cü ilin may ayında erməni tərəfi ilə atəşkəsə nail olundu. Bu, ordu quruculuğunu müasirləşdirmək və modernləşdirmək baxımından Azərbaycan üçün faydalı idi. 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi imkanlarının, müstəqilliyinin təməlini təmin etdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyinin dönməzliyinin xilaskarı kimi dünya tarixinə daxil oldu.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı mühüm xidmətlərindən biri xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi davamçısını yetişdirməsi olmuşdur. 2003-cü ildə Ulu Öndər xalqa müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndər Heydər Əliyevin zəmanəti və xalqın istəyi ilə 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilən İlham Əliyev Ulu Öndərin daxili və xarici siyasətinin bütün sahələrinin inkişafına, xüsusilə ordu quruculuğunun modernləşdirilməsinə müstəsna əhəmiyyət vermişdir.

Çünki fürsətdən istifadə edən Ermənistan tərəfi təmas xəttində vaxtaşırı Azərbaycanın sərhədlərini pozmağa cəhd göstərir, yalnız Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbəsindən sonra susmağa məcbur edilirdi. Azərbaycana qarşı Ermənistanın növbəti təxribatlarından biri 2016-cı ilin iki-dörd aprelində oldu. Aprel döyüşlərində Azərbaycan ordusu düşmənin işğalı altında olan strateji cəhətdən xüsusi əhəmiyyət kəsb edən Lələtəpə yüksəkliyini, Cocuq Mərcanlı kəndini 2 min hektardan artıq ərazini əks-həmlə əməliyyatı nəticəsində mənfur düşməndən azad etdi. Aprel döyüşlərindəki məğlubiyyətindən lazımi nəticə çıxarmaq əvəzinə əksinə 2018-ci il mayın 20-27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycana qarşı Ermənistan hərbi birləşmələri növbəti münaqişə  törətməyə cəhd göstərdi. Buna cavab olaraq Azərbaycan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində strateji cəhətdən müstəsna əhəmiyyəti olan Günnük kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları, hətta Qaraləyəz mahalının Arpa kəndi erməni işğalından azad olundu. Bütövlükdə 11 min hektar ərazini  Azərbaycan Ordusu öz nəzarəti altına aldı. Erməni tərəfi 2020-ci il iyul ayında özünün bütün hərbi imkanlarından istifadə etməklə Azərbaycanın Tovuz rayonuna qarşı hərbi təxribata başladı. Erməni tərəfinin məqsədi Tovuz rayonu ərazisindən keçən neft-boru kəmərini öz nəzarəti altına ala bilmək idi. Lakin Azərbaycan Ordusunun əks hərbi əməliyyatı qarşısında tab gətirə bilməyən mənfur düşmən altı gün davam edən döyüşlərdən sonra geri çəkilmək məcburiyyətində qaldı. Bütün edilənlərə rəğmən Azərbaycan Prezidentinin beynəlxalq qurumlara müraciətinin məqsədi Ermənistanın işğal etdiyi əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək vasitərlərindən istifadə etmək istəyi olmuşdur, əgər belə olsaydı müharibə olmazdı. Təəssüf ki, belə olmadı, Ermənistan rəhbərliyi açıq təxribata əl atdı. 27 sentyabr 2020-ci il səhər saat 6-da Müdafiə naziri Ali Baş Komandana məlumat verərək bildirmişdir ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Adekvat cavab vermək qərara alındı və Azərbaycan müharibəyə qoşuldu.

2020-ci il 27 sentyabr hadisələrilə əlaqədar olaraq Ali Baş Komandan İlham Əliyev sonralar bildirirdi ki, münaqişə dondurulmuş vəziyyətdə olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar nəzərə alınmaqla, bu planda vaxtaşırı aparılan dəyişikliklər Ali Baş Komandan tərəfindən təsdiq olunurdu. Çünki Ermənistanın müharibə ilə əlaqəli planı vardı. Əslində sentyabrın 27-də onlar həmin planı reallaşdırmağa başladılar. Beləliklə, müharibə dövründə Azərbaycan Silahlı qüvvələrinin davranışının əsası, təbii ki, döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı. Lakin müharibə gedərkən də cüzi sızmalardan yaxa qurtarmaq üçün döyüş əməliyyatları planında aparılan gündəlik dəyişilmələrə Ali Baş Komandan özü şəxsən nəzarət etmiş və hərbçi mütəxəsisslərlə hər gün müşavirələr keçirilmişdir. Həmin müşavirələrdə ötən günə yekun vurulur, nöqsanlar aşkar edilir, növbəti gün üçün əməliyyat planları təsdiq olunurdu.

Buna görə də Silahlı Qüvvələrimizin hərbi əməliyyatları düşmən üçün çox gözlənilməz olurdu. Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi - Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Müharibənin ilk günündə düşmənin 30 ilə qurduğu müdafiə xətti yarıldı və bundan sonra hərbi üstünlük Azərbaycan Ordusununun tərəfində oldu və bütün 44 gün ərzində ordumuz bütün cəbhə bölgələrində irəli getdi. Düşmənin müdafiə xəttinə tank əleyhinə maneələr, tikanlı məftillər və minalanmış sahələr daxil idi. Müharibənin ilk günlərində Ali Baş Komandan bildirirdi ki, biz düşmənin müdafiə xəttini yara bilməsəydik işimiz çətin olardı. Bu həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.

Ali Baş Komandan Hadrut əməliyyatından danışarkən  bildirmişdi ki erməni tərəfi  Azərbaycan Ordusunun bu yolla gedəcəyini guman etmirdi və bu onlar üçün gözlənilməz oldu. Ordumuz Hadrutu götürəndən bir neçə gün sonra da erməni tərəfi Hadrutun onların nəzarətində olduğunu bildirirdi. Hərçənd Hadrutun ətrafında olan hündürlüklər Azərbaycan Ordusununun nəzarəti altında idi. Hadrutun alınıb alınmamasını etiraf etmək Ermənistan rəhbərliyi üçün bir qədər diletantlıq idi. Yalnız Azərbaycanın hərbi qulluqçusu bayrağı Hadrutun inzibatı binasının üzərinə sancandan sonra Ermənistan tərəfinin daha yalanlar uyğurması üçün əsası qalmadı.

Hadrutdan qabaq oktyabrın 4-də Cəbrayıl şəhəri azad edilmişdi. Cəbrayılın azad edilməsi rəmzi baxımdan daha vacib idi. Çünki Cəbrayıl azad edilən ilk şəhər idi. Bundan əvvəl bir neçə kənd və qəsəbə azad edilmişdi. 17 oktyabrda Füzuli şəhərinin azad edilməsi də İkinci Qarabağ müharibəsinin gedişində mühüm məsələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Cəbrayıl şəhərindən əvvəl Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin azad edilməsi müstəsna əhəmiyyət daşıyırdı. Çünki həmin məntəqələrdə düşmənin çox möhkəmləndirilmiş müdafiə vasitələri vardır. Ona görə də ordu düşmənin müqavimətini qırmaq üçün orada bir neçə gün çox fəal hərbi əməliyyatlar aparmalı olmuşdu. Bəzi istiqamətlərdə düşmən silahını ataraq qaçmaq məcburiyyətində qalırdı. Ermənilərin özlərinin etiraf etdiyi kimi, onlardan 10 mindən artıq fərari olmuşdu.

Zəngilan şəhərinin alınmasına gəldikdə isə onlar əslində oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı.

Sonrakı hərbi əməliyyatlar nəticəsində Qubadlı azad edildi. Azərbaycanın Silahlı qüvvələri Laçın rayonunun cənubuna çıxdı. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə Ordumuzun nəzarət etməsini təmin etdi.

Ali Baş Komandanın dediyi kimi qələbəmizin zirvəsi Şuşa əməliyyatının uğurla aparılması olmuşdur. Sıldırım qayalardan, yolsuzluq şəraitində, üstündəki yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək bu sadəcə inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər olunması idi. Düşmənin tərəfində tankların, BTR-lərin, digər döyüş maşınlarının olmasına baxmayaraq Azərbaycan zabit və əsgərləri noyabrın 8-də düşmənlə hərb tarixində misli-bərabəri görünməmiş əlbəyaxa döyüşə girmişdilər. Düşmən tərəfi Azərbaycan döyüşçülərinin rəşadəti  qarşısında tab gətirə bilməyib, xeyli itki verdikdən sonra, salamat qalanları canlarını qurtarmaq üçün hərb meydanından qaçmışdılar. Ali Baş Komandanın dediyi kimi Azərbaycan Ordusunun Şuşanı azad etməsi dümənin belini qırdı, bununla da düşmən praktik olaraq təslim olmuşdur.

Noyabrın 9-da Azərbaycan Ordusu 70-dən artıq kəndi, yaşayış məntəqəsini azad etdi. Düşmən tərəfi  noyabrın 9-dan 10-a keçən gecə kapitulyasiya aktını imzalamalı oldu.

Dünya şahidi oldu ki, kağız üzərində qalan 1993-cü ildən Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsi, sonrakı illərdə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını Azərbaycan Ordusunun gücü, Ali Baş Komandanın düşünülmüş siyasəti, xalqının əzmkarlığı, birliyi sayəsində Azərbaycan özü yerinə yetirdi. Bu bəlkə də BMT-nin tarixində ilk hadisə idi. İkinci Qarabağ müharibəsi çox böyük geosiyasi hadisələrə səbəb olmuşdur. Bu, Azərbaycanın hərbi və siyasi qələbəsi, regionda və bütövlükdə dünyada bütün vəziyyətin kökündən dəyişməsi idi. Azərbaycan Cənubi Qafqazın ən qüdrətli dövlətinə, Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyev regionun ən qüdrətli dövlət başçısına çevrilmişdir. Şuşada 2021-ci ildə Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Milli Məclisdə Azərbaycan-Pakistan-Türkiyə parlamentləri arasında birgə hərbi təlimlərlə əlaqəli olan daha ciddi bir sənəd Bakı Bəyannaməsi öz təsdiqini tapdı. Bunlar hamısı 2020-ci il 10 noyabr qələbəsinin sayəsində qazanılmışdır. Bütün bunlarla yanaşı müasir müharibə eyni zamanda hibrid müharibəsi hesab olunur. Onun müharibə və informasiya tərkib hissələri var və  onun informasiya tərkib hissəsi müharibə tərkib hissəsindən az əhəmiyyət kəsb etmir. İkinci Qarabağ müharibəsinin gedişində Ali Baş Komandan  İlham Əliyev dünyanın müxtəlif ölkələrinin 30-dan artıq KİV-ə müsahibə verdi və özünün polad məntiqi sayəsində  dünyanın  diplomatiya tarixinə yeni nümunələr, çalarlar gətirdi.

Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlama səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Məhz bu münasibətlər Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi. Bu müsahibələr informasiya müharibəsinin sərkərdəsi kimi Prezident İlham Əliyevin Böyük Lider rolunu bütün dünyaya nümayiş etdirdi.

Artıq dünya hibrid müharibəsinin mahiyyətini İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən Azərbaycandan öyrənməyə üstünlük verir. Çünki, İkinci Qarabağ müharibəsi zamanı istifadə edilən döyüş texnikası dünya hərb tarixində yenilik hesab olunur və  müvafiq ali  hərbi məktəblərin dərsliklərinə daxil edilmişdir. ABŞ  Hərbi Akademiyası və Pentaqonun rəsmiləri də Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsini zəruri  hesab edirlər. Hazırda 30 ildən sonra erməni işğalından azad olunmuş bütün ərazilərdə vüsətli abadlıq quruculuq işləri aparılır. Burada 1000 km-lik yeni yolların inşası, Suqovuşan su hövzəsindən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunması (burada iki elektrik stansiyasının işə salınması), Zəfər yolunun, Füzuli Beynəlxalq Aeroportunun istifadəyə verilməsi, Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan işlər və s. deyilənlərə ən yaxşı nümunədir.

Azad olunmuş bütün regionlarda abadlıq və yenidənqurma işlərinin aparılması ölkə prezidenti İlham Əliyevin rəhbərliyi və qayğısı sayəsində icra olunur.