YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın diplomatik gücü

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edən Prezident İlham Əliyev çox əhəmiyyətli məqamlara toxunub. Xüsusilə, Azərbaycanın geniş tranzit, nəqliyyat-logistika imkanlarını diqqətə çatdırıb. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində böyük rolu olduğunu qeyd edən ölkə başçısı vurğulayıb ki, ölkəmiz 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bununla bərabər, Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir.

Dəniz nəqliyyatında Azərbaycanın uğurları yükdaşıma məsələsində də qeyd edilməlidir. Ölkə başçısının sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bütün bunlar Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının inkişafına xidmət edən mühüm məqamlardır.

Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. 2020-ci ildə Azərbaycanın zəfəri ilə yekunlaşan Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkilir. Ölkə başçısı Vətən müharibəsindən sonra yaranmış reallığın region üçün əhəmiyyətinə də toxunaraq vurğulayıb ki, münaqişənin həlli regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanları artacaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.

Dövlətimizin başçısı sammitdəki çıxışında Azərbaycanın öz konstruktivliyini nümayiş etdirərək Ermənistana hər iki ölkənin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyini vurğulayıb. Halbuki ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamaq əvəzinə, sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribata əl atıb. Son hadisələrə diqqət çəkən Prezident ölkəmizin Silahlı Qüvvələrinin təxribatın qarşısını qətiyyətlə aldığını, amma işğalçının belə addımlarının iki ölkə arasında normallaşdırma prosesinə, regionda sülhün təmin olunmasına böyük zərbə vurduğunu bildirib. Bu məqamlarla bağlı bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Qeyd etməliyik ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti Azərbaycanın həm diplomatik, həm də iqtisadi gücünün artmasına növbəti töhfə vermiş oldu.

DİGƏR Xəbərlər Arxiv