YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib. Özbəkistan Prezidentinin cənab İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu regional təsisatın Sammitində fəxri qonaq qismində görmək istəyi və dəvəti ümumilikdə quruma üzv ölkələrin Azərbaycana, Prezidentimizə böyük hörmətin göstəricisidir. Dövlət başçısı səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirdi, bugünümüz üçün aktual olan məsələlər ətrafında fikir mübadiləsi apardı. Sammitdə çıxış edən Prezident İlham Əliyev regionda və sərhəddə törədilən təxribatları həmkarlarının diqqətinə çatdırdı. Dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatınına üzv ölkələrin Səmərqənd Sammitində bir daha diqqəti Ermənistanın törətdiyi təxribata yönəldərək bildirdi ki, təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Prezident İlham Əliyev bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyinin narahatlıq doğurduğunu sammit iştirakçılarının  diqqətinə çatdıraraq qeyd etdi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib. Dövlət başçısı Səmərqənd Sammitində 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyinə diqqəti yönəldərək bu müddətin quruma üzv dövlətlərin yekdil qərarı əsasında bir il uzadılmasını ölkəmizə olan hörmətin və etimadın göstəricisi kimi qeyd etdi. Prezident İlham Əliyev Qarabağ münaqişəsinin 2020-ci ilin sonunda başa catdıqdan sonra regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanların yarandığını sammit iştirakçılarının nəzərinə çatdıraraq bildirdi ki, Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Prezident İlham Əliyev Azərbaycanın dünya iqtisadiyyatının daha da inkişafı üçün həyata keçirdiyi beynəlxalq layihələrin, Şimal-Cənub, Şərq- Qərb, Şimal-Şərq dəmir və avtomobil yollarının və bu istiqamətdə Zəngəzur dəhlizinin əhəmiyyətini vurğuladı. Ümumilikdə Səmərqənd Sammiti istər tarixi Zəfərimizin reallıqlarının, istərsə də Azərbaycanın bu və ya digər sahələrdə malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın maraqlarına tam cavab verir. Bu, ölkəmizin beynəlxalq əlaqələrində yeni səhifə açmaqla yanaşı, onun siyasi, iqtisadi və digər mühüm parametrlər baxımından daha da güclənməsi deməkdir.