YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsar İsmayılov: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində uğurla təmsil olundu

Prezident İlham Əliyevin cari ilin 16 sentyabr tarixində Özbəkistan Respublikasının Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı səsləndirdiyi fikirlər aktual olmaqla, ölkəmizdə tranzit və nəqliyyat-logistika sahəsində həyata keçirilən islahatların, görülən işlərin təqdim edilməsi, həmçinin gələcəkdə nəzərdə tutulan nəqliyyat-kommunikasiya layihələrinin icrası üçün əhəmiyyətli olan və ölkələrarası münasibətlərə təsir edəcək bir sıra məsələlərin çatdırılması istiqamətində olduqca əhəmiyyətli idi. Regionda Ermənistanın bir sıra nəqliyyat-kommunikasiya xəttlərinin açılmasına mane olan təxribat xarakterli addımları təşkilata üzv dövlətlərin dövlət başçılarının və dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırıldı.

Məsələ ilə bağlı açıqlama verən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə görə Azərbaycan xarici siyasət kursunda istər beynəlxalq təşkilatlar, istərsə də dünya dövlətləri ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulması çox önəmli yer tutur. Azərbaycan bütün sahələrin inkişafını hədəfləyən və dövlətlərin, xalqların qarşılıqlı maraq doğuran məsələlərlə bağlı birgə mövqedən çıxış edərək bu hədəflərə istiqamətlənmiş münasibətlərinin inkişafında hər zaman təşəbbüskar və fəal iştirakçı olub: “Bu cür münasibətlərin gələcəkdə nəzərdə tutulan layihələrin inkişaf perspektivlərini davam etdirməsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin şaxələnməsinə və inkişafına şərait yaradacağını əminliklə söyləmək olar. Eyni zamanda dövlətlərin qarşılıqlı əlaqələri və bu əlaqələrdən doğan sıx əməkdaşlıq, bir sıra problemlərin həllində də aparıcı rol oynayır. İndiki gərgin geopolitik dövrdə bir sıra ölkələr və xalqlar arasındakı düşmənçilik, nifrət, radikal münasibətlər, münaqişə və müharibələri nəzərə alsaq, dünyadakı proseslərin, bir sıra mövcud xaotik vəziyyətin ancaq sülh və dialoq yolu ilə həll edilməsi dövlətlərin və xalqların xeyrinədir. Ona görə sivil əməkdaşlıq münasibətlərinin qurulması, bütün məsələlərlə əlaqədar danışıqlar masasında müzakirələrin aparılması, ortaq fikirə gəlinməsi, dövlətlərin daxili potensialı hesabına əməkdaşlıqda, təcrübə mübadiləsində və birgə təşəbbüslərin, layihələrin reallaşdırılmasında maraqlı olması mövcud problemlərin həllində, gələcəkdə yarana biləcək gərginliyin qarşısının asınmasında əvəzsiz rol oynayır. Təbii ki, bu istiqamətdə irəli sürülən səylər səmimi olmalı, yalnız sözdə deyil, əməli addımlarda da öz təsdiqini tapmalıdır. Ancaq təəssüflər olsun ki, hazırkı dönəmdə Ermənistan kimi dövlətlərin timsalında bu istiqamətdə səsləndirilən müsbət rəylərin ancaq sözdə qaldığının şahidi oluruq. Deyilən vədlər, üzərinə götürdüyü öhdəliklər icra olunmur, əksinə prosesinin qarşısının alınmasına yönəlmiş təxribatçı əməlləri gələcəkdə daha gərgin vəziyyətin yaranmasına təhrik edir”.

Rayon təşkilatının sədrinin fikrincə, Azərbaycan bütün dövlətlər, xüsusilə qonşu, etnik kimliyi ilə bağlı olduğu, həmçinin ortaq maraqlarımızdan qaynaqlanan məqsədlərin reallaşmasında həlledici rol oynayacaq dövlətlərlə yaxın əməkdşalıq münasibətlərində maraqlıdır. Bu istiqamətdə səylərini və əzmkar fəaliyyətini uğurla, dövlətimizin, xalqımızın maraqlarına uyğun şəkildə davam etdirir. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün ölkəmiz bütün sahələrdə uğurla inkişaf edir və Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etməsi isə deyilənlərə sübutdur. Bir sözlə, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Dövlət başçısı İlham Əliyevin də çıxışında toxunduğu kimi, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malik ölkədir. Bu gün Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal etmək iqtidarındadır. Eyni zamanda ölkəmiz nəqliyyat-kommunikasiya imkanlarının daha da artırılması və inkişafı məqsədilə avtomobil, dəmiryolu, hava limanlarının tikilib, istifadəyə verilməsində də önəmli nəticələr əldə edib. Bu gün də bu istiqamətdə işlər davam etdirilir. Statistikaya nəzərə salsaq, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolunun tikildiyinin və ya əsaslı təmir edildiyinin şahidi olarıq: “Bu gün Azərbaycan 2020-ci il Vətən müharibəsindəki qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Qarabağ münaqişəsinin həlli və ölkəmizin haqlı zəfəri regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb, Azərbaycan bu istiqamətdə səylərini davam etdirir. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Zəngəzur dəhlizinin açılması dövlətlər arasında ikitərəfli münasibətlərin, eləcə də regionun inkişafına önəmli töhfə verəcək iqtisadi layihələrin həyata keçirilməsinə əsl töhfə olacaq”.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir.

DİGƏR Xəbərlər Arxiv