YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi qəbul edilir. Son illər  beynəlxalq standartlara cavab verən  Gəmiqayırma Zavodunun, ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, iqtisadi əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz kəmərlərindən geri qalmayan  Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı  və sair ölkəmizdə bu istiqamətdə atılan addımların uğurlu nəticəsi, hədəflərə yüksək səviyyədə nail olunduğumuzun təsdiqidir.

Prezident İlham Əliyev bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib” söyləyərək Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarından geniş bəhs etdi, bu sahədə uğurlarımızı  statistik rəqəmlər əsasında diqqətə çatdırdı. Belə ki, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. İkinci Qarabağ müharibəsində tarixi  Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkilir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.

Artıq iki ilə yaxındır ki, Azərbaycan həyatının yeni dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş miqyas alıb. Bu ərazilərimiz müasir tələblərə uyğun bərpa edilir. İlk olaraq infrastrukturun yenilənməsinə, yeni yolların çəkilişinə diqqət yetirilir. İşğaldan azad edilmiş ərazilərimizdə 3 Beynəlxalq Hava Limanının tikintisi nəzərdə tutulub. Ötən il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən bu aeroportun açılışı iki qardaş ölkənin- Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə həyata keçirildi. Şərqi Zəngəzurun dünyaya açılan hava qapısı olan Zəngilan Beynəlxalq Hava Limanının istifadəsi bu il üçün nəzərdə tutulub. Laçın Beynəlxalq Hava Limanı isə 2024-cü ildə istifadəyə veriləcək. Atılan hər bir addım, reallığa çevrilən layihə Azərbaycanın tranzit imkanlarının genişlənməsinə öz töhfəsini verir.

Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeni düşünülmüş siyasəti, gələcəyə hesablanmış strategiyası və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirdiyi islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. Azərbaycanın nəqliyyat imkanları beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir, Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir ki, hər kəs bu sahədə çox ciddi islahatlar aparıldığını, Azərbaycanın reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayandığını görsün. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.

Qısa təhlil bu ümumiləşdirməyə əsas verir ki, Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri, ölkəmizin iştirakçısı olduğu  layihələr  dost və strateji tərəfdaş ölkələrlə münasibətlərinə əsaslı töhfələr verir, əməkdaşlığın coğrafiyasının genişlənməsi üçün  imkanlar artır.

DİGƏR Xəbərlər Arxiv