YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Tahir Budaqov: Vitali Milonovun təxribatçı çıxışı Rusiyanın mövqeyinə və Prezident Vladimir Putinin imzasına hörmətsizlikdir

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Rusiya Dövlət Dumasının üzvü Vitali Milonovun Ermənistanın təcavüzkar siyasətinə dəstək, Azərbaycana qarşı isə ittiham xarakterli çıxışına münasibət bildirib.

Tahir Budaqov qeyd edib ki, bu, Milonovun ilk qərəzli, qeyri-obyektiv çıxışı və təxribatçı hərəkəti deyil: “Siyasi karyerasına ermənipərəst siyasətçi Qalina Starovoytovanın köməkçisi kimi başlayan Vitali Milonov uzun illərdir ki, Ermənistanın işğalçı siyasətinə, separatizmə haqq qazandırmağa çalışır, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquq normalarına zidd davranışlar sərgiləyir. Təsadüfi deyil ki, ötən il Xankəndiyə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib. Karyerası erməni lobbisinin təlimatlarını yerinə yetirməkdən ibarət olan Vitali Milonovun yenidən Azərbaycana qarşı ittiham və nifrət xarakterli fikirlər səsləndirməsi yolverilməz və qəbuledilməzdir”.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Milonovun Azərbaycana qarşı çıxışlarını siyasi məsuliyyətsizlik və beynəlxalq hüquq normalarına sayğısızlıq kimi qiymətləndirib, eləcə də dövlətlərarası münasibətlərin ruhuna zidd olduğunu söyləyib: “Həm Azərbaycan, həm Rusiya, həm də bütövlükdə dünya ictimaiyyətinə məlumdur ki, təcavüzkar Ermənistan növbəti dəfə genişmiqyaslı təxribatlar törədərək sülh prosesinə zərbə vurmağa, regionda vəziyyəti gərginləşdirməyə və siyasi-hüquqi məsuliyyətdən, 10 noyabr tarixli üçtərəfli Bəyanat əsasında üzərinə götürdüyü öhdəliklərdən yayınmağa cəhd göstərib. Azərbaycan isə öz ərazi bütövlüyünü və suverenliyini qorumaq, sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün adekvat addım atıb, qarşı tərəfə layiqli cavab verib. Görünən odur ki, bu, həm də erməni lobbisinin siyasi xidmətçisinə çevrilmiş, Rusiyanın dövlət maraqlarını siyasi hərraca çıxaran Milonov kimilərə sərt və layiqli cavabdır.

Bu vəziyyətdən və bütövlükdə yeni reallıqlardan məyus olan qüvvələrin sifarişini yerinə yetirən bu şəxs ənənəsinə sadiq qalaraq informasiya-təbliğat müstəvisində Azərbaycan əleyhinə kampaniya aparır, mənfi rəy formalaşdırmağa çalışır. Təbii ki, erməni diaspor nümayəndələrinin müxtəlif ölkələrdə ASALA təfəkkürü və terrorçu ənənəsi ilə Azərbaycanın diplomatik nümayəndəliklərinə  hücumlar təşkil etdikləri vaxtda Milonov kimi lobbi kölələrinin də fəallaşması təsadüfi deyil. Prosesin vahid mərkəzdən idarə olunması, Vitali Milonova da informasiya resurslarında “hücum” əmri verilməsi şübhə doğurmur”.  

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri vurğulayıb ki, Vitali Milonovun Azərbaycanı Rusiyanın dırnaqarası dostu kimi göstərməsi isə nə rəsmi Moskvanın, nə də “Vahid Rusiya” Partiyasının mövqeyinə uyğundur: “Hələ bir neçə gün əvvəl - sentyabrın 16-da Səmərqənddə Prezident İlham Əliyev ilə görüşü zamanı Prezident Vladimir Putin ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini xüsusi olaraq qeyd etmişdi. Bu ərəfədə Milonovun Azərbaycan-Rusiya strateji müttəfiqlik münasibətlərini hədəfə alan, Rusiyanın dövlət başçısının sözlərinə zidd olan mövqe ortaya qoyması, görəsən, kimə və nəyə, yaxud hansı dairələrin maraqlarına xidmət edir? Heç şübhəsiz, Azərbaycanı qeyri-dost ölkə kimi təsvir və təqdim etmək iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə zidd, Rusiya dövlətinin mövqeyinə və Prezident Vladimir Putinin imzasına hörmətsizlikdir”.

Tahir Budaqov qeyd edib ki, Milonovun Ermənistanın hərbi-siyasi təxribatları nəticəsində meydana çıxmış gərginliyi din kontekstində münaqişə kimi təqdim etməsi isə absurd və gülüncdür: “Bu, ənənəvi “erməni gedişi” kimi köhnə metoddur və Ermənistanın, erməni lobbisinin, ermənipərəst dairələrin yararsız – puç olmuş təbliğat vasitəsidir. 44 günlük Vətən müharibəsindən əvvəl və müharibə dönəmində də məsələyə “dini münaqişə” donu geyindirmək cəhdləri olub və belə səylər iflasla nəticələnib. Çünki beynəlxalq ictimaiyyətə məlumdur ki, problemin kökündə Ermənistanın işğalçı siyasəti, qeyri-konstruktiv mövqeyi, sabotaj və provokasiya cəhdləri dayanır və indiyə qədər heç bir beynəlxalq sənəddə - istər ayrı-ayrı dövlət rəsmilərinin, istərsə də müxtəlif beynəlxalq təşkilatların mövqeyində “dini münaqişə” məfhumuna rast gəlinməyib. Öz aləmində “səlib yürüşü”nə çağırış edən Milonovun “dini münaqişə” tezisindən tez-tez istifadə etməsi onun siyasi dünyagörüşünün primitivliyini, reallıq hissini tamamilə itirdiyini və dünya ictimaiyyətini aldatmağa çalışdığını göstərir. Çünki heç kimə sirr deyil ki, monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan çoxkonfessiyalı, multikultural dövlətdir və onun ərazi bütövlüyünün təmin olunması uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız arasında azərbaycanlılarla yanaşı, müxtəlif dini və etnik mənsubiyyətə malik çoxsaylı həmvətənlərimiz də vardır. Onu da yaddan çıxarmaq lazım deyil ki, Rusiyada milyonlarla müsəlman yaşayır və Milonovun bu cür bəyanatları öz ölkəsində də dini tolerantlığa təhdiddir”.

“Son hadisələr təsdiqləyir ki, Konstantin Zatulin, Vitali Milonov kimilər erməni lobbisinin maliyyəsi əsasında istifadə olunan ictimai-siyasi alətlərdir. Düşünmürəm ki, onlar erməni xalqını sevirlər. Sadəcə olaraq, maddi maraq müqabilində statuslarından istifadə edərək erməni terrorizminin və vandalizminin, Ermənistanın işğalçı siyasətinin müdafiəçisi kimi çıxış edirlər. Bu isə riyakarlıq faktı və simasızlıq nümunəsidir.

Hesab etmirəm ki, belə cılız, konyuktur maraqların əsirinə çevrilmiş “siyasətçi”lərin mövqeyi rəsmi Moskvanın və “Vahid Rusiya” Partiyasının siyasətini əks etdirir. Rusiya ictimaiyyəti bu cür provokasiya xarakterli addımları dəstəkləmir, hətta sərt tənqid edir və qınaq obyektinə çevirir. Rusiya mətbuatında Milonovun çıxışına ciddi tənqidi reaksiya verilməsi də bunun əyani göstəricisidir.

Təbii ki, bu ölkədə kifayət qədər sanballı ictimai-siyasi xadimlər Ermənistan ilə Azərbaycan arasında məlum səbəblərdən yaranmış hadisələrə obyektiv yanaşır, onların bir çoxu Azərbaycanın haqlı mövqeyini müdafiə edirlər.

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, “Vahid Rusiya” Partiyasının üzvü və Rusiya Dövlət Dumasının digər deputatı Konstantin Zatulinin bənzər çıxışları ilə əlaqədar bu günlərdə tərəfimizdən “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedevə məktub ünvanlanıb. Məktubda Zatulinin təxribatçı fikirlərinin rəsmi Moskvanın mövqeyinə zidd, Rusiya Prezidentinin regionda sülh və etimad quruculuğu, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar səylərinə xələl gətirən addım olduğu vurğulanıb, partiya rəhbərliyindən bu cür şəxslərə qarşı adekvat tədbirlər görülməsi tələb olunub. Ümid edirik ki, “Vahid Rusiya” Partiyası mövqeyini ortaya qoyaraq məsələyə dair öz münasibətini bildirəcəkdir” ,- deyə Tahir Budaqov bildirib.

DİGƏR Partiya xəbərləri Arxiv