YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çikaqoda İpək Yolu ölkələrinin enerji və nəqliyyat imkanları müzakirə edilib

Çikaqoda yerləşən Şimali İllinoys Universiteti və Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə İpək Yolu ölkələrinin enerji və nəqliyyat imkanlarına həsr edilən 10-cu illik İpək Yolu konfransı keçirilib.

Tarixi İpək Yolu üzərində yerləşən Çin, Mərkəzi və Cənubi Asiya dövlətlərinin, Azərbaycanın və Türkiyənin nümayəndələrinin iştirak etdikləri konfransda ayrı-ayrı ölkələrin enerji, nəqliyyat və biznes imkanları müzakirə olunub.

Əsas çıxışçılar arasında olan Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin idarə rəisi Reha Aykul ölkəsinin enerji və nəqliyyat dəhlizi imkanları barədə məlumat verib. O, Türkiyədə əsas investisiya layihələrindən olan TANAP layihəsindən söhbət açıb, bu layihənin reallaşmasında, habelə Avropanın təbii qaz bazarlarının təminatında Azərbaycanın əhəmiyyətli rolunu vurğulayıb.

Tədbirdə iştirak edən Qazaxıstanın ABŞ-dakı səfirliyinin müşaviri Nurqali Aristanov ölkəsindən Avropa istiqamətində keçən əsas nəqliyyat-tranzit layihələrinin reallaşmasında Azərbaycanın əhəmiyyətini qeyd edib.

Azərbaycanın həm tarixi, həm də müasir İpək Yolunun əsas tranzit ölkələrindən olduğunu nəzərə alaraq, konfransda Azərbaycan nümayəndələri də iştirak ediblər. Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Natiq Baxışov çıxış edərək regionda ölkəmizin aparıcı rolu ilə həyata keçirilən əsas enerji və nəqliyyat layihələri – “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verib.

ABŞ-da fəaliyyət göstərən “West Coast Connections” biznes konsaltinq şirkətinin icraçı direktoru Elşən Baloğlanov region ölkələri üçün innovativ hesab edilə biləcək “IClas” layihəsini təqdim edib. O, layihənin Mərkəzi və Cənubi Asiya, Cənubi Qafqaz, Cənub və Cənub-Şərqi Asiya ölkələrinin yeni yaranmaqda olan biznesləri və iş adamları üçün ABŞ təcrübəsinin internet üzərindən tədrisini nəzərdə tutduğunu qeyd edib. E.Baloğlanov bildirib ki, ilk layihə kimi Azərbaycandakı Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən startapçıların ABŞ təcrübəsinin tədrisi nəzərdə tutulur.

Builki İpək Yolu konfransı Azərbaycanın “Silkway Airlines” və Türkiyənin “Turkish Airlines” aviaşirkətlərinin dəstəyi ilə baş tutub.