YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akira Muto: Yaponiya Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi səfir Akira Muto ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib. O, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. Nazir enerji sektoru ilə bərabər, Azərbaycanın kənd təsərrüfatı, yüksək texnologiyalar və qeyri-neft sektoru sahələrində Yaponiya ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Elmar Məmmədyarov Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun Yaponiyaya bu yaxınlarda etdiyi səfəri xatırladıb.

Akira Muto Yaponiyanın Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu deyərək informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye, sərmayələrin yatırımı kimi sahələrdə yapon şirkətlərinin Azərbaycana maraq göstərdiklərini vurğulayıb.

O, sənayeləşmə və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Akira Muto Yaponiyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin ərazi bütövlüyünün pozulmasının qəbuledilməz olduğunu vurğulayıb, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın Azərbaycana qarşı işğalına son qoymalı və Ermənistan qoşunlarının zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüşdə “GUAM+Yaponiya” formatında əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.