YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bumeranq effekti: Ermənistan nə “qazandı”, nə itirir? – TƏHLİL / VİDEO

Ənənə pozulmadı. Brüsseldə keçirilən dördüncü üçtərəfli görüşdə razılıqlar əldə olunsa və sülh prosesinin irəliyə aparılması ilə əlaqədar açıqlamalar səsləndirilsə də, Paşinyanın İrəvana qayıtmasından sonra ənənəvi “erməni gedişi”nə start verildi.

Bu ölkənin baş naziri əvvəlcə danışıqların mahiyyətinə zidd açıqlamalar verdi, daha sonra Ermənistan yenidən təxribatları gücləndirərək siyasi sabotajla məşğul olmağa başladı.

Pik nöqtə isə sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi oldu.

Təbii ki, Azərbaycan Ordusu sərhədlərin təhlükəsizliyini təmin etmək və təxribatların qarşısını almaq məqsədilə cavab tədbirləri gördü. İşğalçı, təxribatçı və məğlub ölkənin silahlı birləşmələrinə daha bir ağır zərbə vurdu, layiqli dərs verdi.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Cənubi Qafqazda postmüharibə dövrü olsa da, hərbi-siyasi təxribatlar, üçtərəfli Bəyanatda əksini tapmış öhdəlikləri yerinə yetirməkdən, sülh müqaviləsini imzalamaqdan yayınmaq kimi siyasi sabotajlar eskalasiyaya səbəb ola bilər. Rəsmi Bakı sülh və məsələlərin diplomatik yolla həllinin tərəfdarı olduğunu da konkret olaraq və qətiyyətlə bildirmişdi.  Amma Ermənistanın yanaşması adekvat olmadı...

İkinci Qarabağ müharibəsinin dərslərini unudan Ermənistanın genişmiqyaslı təxribatları “bumeranq effekti” verdi. Yəni “dəmir yumruq” bir daha erməni terrorizminin başını əzdi – belini qırdı.

Azərbaycan Ordusu Ermənistanın hərbi-siyasi təxribatlarının onlar üçün hansı nəticələrə gətirib çıxaracağını növbəti dəfə göstərdi:

- Ermənistan ordusuna çox ciddi – ağır və şiddətli zərbə vuruldu;

- Bu ölkənin sərhəd boyunca təhdid yarada biləcək və təxribat aləti olan hərbi infrastrukturu - hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldı;

- Bununla yanaşı, strateji yüksəkliklər nəzarətə götürüldü. Bu isə təcavüzkar birləşmələrin təxribatlarının qarşısının alınması üçün önəmli amildir.

Nəhayət, həm dünya ictimaiyyəti, həm Ermənistan, həm də ona havadarlıq etməyə çalışan bəzi qüvvələr gördülər ki, yeni reallıqları və siyasi gündəmi dəyişdirmək, sülhyaratma prosesindən qaçmaq mümkün deyil və olmayacaq! Azərbaycan iki vasitə ilə bir hədəfə nail olacaq: həm siyasi-diplomatik resurslar, həm də “dəmir yumruq” regionda sülh gündəliyinin reallaşmasını təmin edəcək. Ermənistan istəsə də, istəməsə də... Çünki Bakının mövqeyi həlledicidir, İrəvanın isə alternativi yoxdur!