YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahmadtoir Zokirzoda: Tacikistan Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına rəsmi səfəri çərçivəsində Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qonaqları salamlayan Nümayəndələr Palatasının sədri Milli Məclisin nümayəndə heyətinin Tacikistana səfərini yüksək qiymətləndirərək, bu səfərin və səfər çərçivəsində keçirilən görüşlərin iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə inandığını bildirib.

Mahmadtoir Zokirzoda parlamentlər səviyyəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən danışaraq belə səfərlərin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətini qeyd edib. Tacikistanın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini deyən Nümayəndələr Palatasının sədri ölkəsinin siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu vurğulayıb.

O, cari ilin mayında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak məqsədilə Azərbaycana səfərini, ölkəmizin bu tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladaraq, ölkəmizin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirib.

Tacikistan parlamentinin Nümayəndələr Palatasının sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini, təşkilatın parlament ölçüsünü inkişaf etdirmək təşəbbüsünü yüksək qiymətləndirib.

Səmimi sözlərə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Tacikistan arasında əlaqələri dostluq və tərəfdaşlıq münasibətləri kimi dəyərləndirib. O, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb, tərəflər arasında imzalanan sənədlərin ikitərəfli əməkdaşlığın inkişafının möhkəm təməllərini yaratdığını qeyd edib.

Milli Məclisin sədri iki ölkənin diplomatik əlaqələrinin qurulmasının 30 illik yubileyinin tamam olduğunu diqqətə çatdıraraq bir çox sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib.

S.Qafarova Azərbaycanla Tacikistan parlamentləri arasında mövcud əməkdaşlıq əlaqələri barədə fikirlərini bölüşüb, Milli Məclislə Tacikistan Respublikası Ali Məclisinin Milli Məclisi arasında imzalanmış əməkdaşlıq haqqında sazişin parlamentlərarası əlaqələrin inkişafına xidmət etdiyini bildirib.

Milli Məclisin sədri iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament ölçüsünün əhəmiyyətini, bu istiqamətdə parlamentlərarası dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib. Vurğulayıb ki, deputatlarımız beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər.

Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis olunmasından və Azərbaycanda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının keçirilməsindən söz açıb. O, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi parlament diplomatiyasının və qlobal əməkdaşlığın inkişafına töhfəsini verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı Sahibə Qafarova 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərindən bəhs edib. Diqqətə çatdırılıb ki, ölkəmiz regionda dayanıqlı sülhün təmin olunması, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində böyük işlər görür.

Sonra tərəflər müxtəlif sahələrdə münasibətlərin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

DİGƏR Xəbərlər Arxiv