YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji tərəfdaşlığın yeni mərhələsi

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Avropa İttifaqının dövlətlərindən biri olan İtaliya ilə ölkəmiz arasında olan münasibətlər ildən ilə genişlənməkdədir. Bu gün Azərbaycanla İtaliya müxtəlif istiqamətlərdə uğurla əməkdaşlıq edərək, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün önəmli addımlar atırlar. Ölkələrimiz arasında olan münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Xüsusi qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyəti də məhz İtaliyadan olmuşdur. İtaliya həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, ölkəmizin sadiq tərəfdaşı olduğunu təsdiq edib. Hazırda İtaliya şirkətləri işğaldan azad olunan ərazilərimizdə enerji, infrastruktur və digər sahələrdə həyata keçirilən işlərdə fəal iştirak edirlər. Azərbaycan və İtaliya arasındakı əlaqələr inkişaf edir, təkmilləşir və xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında əhəmiyyətli rol oynayır. Bu il diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan və İtaliya arasındakı münasibətlər qədim tarixə malik olmaqla, müstəqillik illərində daha da inkişaf etmişdir. Bu əlaqələrin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

Prezident İlham Əliyevin ötən günlərdə baş tutan İtaliyaya iki günlük işgüzar səfəri də Azərbaycanla İtaliya arasında əməkdaşlığın geniş perspektivləri olmasının bariz nümunəsidir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin açılmasına təkan verdi.  Səfər çərçivəsində sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışında iştirak edən cənab Prezident yeni binada yaradılan şəraitlə tanış oldu. XX əsrin 40-cı illərində inşa edilmiş bina diplomatik nümayəndəliklərin yerləşdiyi Nomentano-Villa Torlonia ərazisindəki Via Giovanni Battista De Rossi 27 ünvanında yerləşir və binanın 1-ci və 2-ci mərtəbələri Azərbaycan Mədəniyyət Mərkəzi, 3-5-ci mərtəbələri isə səfirlik üçün nəzərdə tutulmuşdur. Dünya mədəniyyətinin beşiyi sayılan Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin təbliği istiqamətində mühüm rol oynamaqla, ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Bu onu göstərir ki, Azərbaycanın İtaliya ilə münasibətləri təkcə iqtisadi sahələri deyil, həm də mədəniyyət sferasında uğurla davam etdirilir. Səfər çərçivəsində dövlət başçımız İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House - Ambrosetti” beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirak edərək, forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etdi. Bu özü də ölkəmizə və onun rəhbərinə olan böyük hörmətin bariz nümunəsidir. Dövlət başçımız çıxışında Avropada Azərbaycanın mövcud rolu və imkanları ilə bağlı beynəlxalq ictimaiyyətə önəmli mesajlar verdi. Son 30 il ərzində Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin dostluq, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında davam etdiyini, iqtisadiyyat, ticarət, energetika, humanitar, təhsil, turizm və yüksək texnologiyalar sahələrində daha geniş əməkdaşlıq üçün perspektivlərin olduğunu vurğuladı. Pezident İlham Əliyevin Çernobbio forumundakı çıxışı Azərbaycanın beynəlxalq nüfuzunu, rolunu və qlobal layihələrinin Avropanın enerji xəritəsini dəyişdiyini bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi.

Dövlət başçımızın Romaya işgüzar səfəri çərçivəsində çox mühüm tarixi hadisələr yaşandı. İtaliya ilə önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir. Səfər çərçivəsində Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. İtaliya dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Ölkələrimiz arasında olan münasibət hazırda çox yüksək səviyyədədir. Siyasi və təhlükəsizlik sahəsi ilə yanaşı, enerji sahəsində də əməkdaşlıq çox müsbət dəyərləndirilir. Biz İtaliyanı neftlə təchiz edən əsas ölkəyik. 1994-cü ildə Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət etdi. Beləliklə, Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artır. Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.

Ölkələrimiz arasında strateji tərəfdaşlıq ilə bağlı geniş müzakirələr davamlı şəkildə aparılır. Şübhəsiz ki, Prezident İlham Əliyevin İtaliyaya budəfəki səfəri iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ açacaqdır.