YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni mərhələ: uğurlar və çağırışlar

Sevinc Qasımova

YAP Gənclər Birliyinin sədr müavini

Prezident İlham Əliyevin ötən günlərdə baş tutan İtaliyaya iki günlük işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin açılmasına təkan verdi. Dövlət başçısının İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House - Ambrosetti” beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsidir.

Ümumilikdə dəyərləndirsək, İtaliya Avropa İttifaqı ölkələri içərisində Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə dinamik inkişaf edir. Prezident İlham Əliyevin İtaliyaya budəfəki səfəri iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ açacaqdır.

Səfər çərçivəsində diqqət çəkən məqamlardan biri də Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasında İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinə həsr edilmiş mərasimin keçirilməsi idi. Prezident İlham Əliyev iki il əvvəl İtaliyada dövlət səfərində olarkən İtaliya-Azərbaycan Universitetinin yaradılması təklifi ilə çıxış etmişdi. Bunu alqışladığını bildirən İtaliya rəhbərliyi isə qısa müddət ərzində praktiki fəaliyyətə başlanılmasına şərait yaradıb. Bu dəfə ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair sazişlər imzalandı. Bu mühüm addım göstərdi ki, iki ölkə gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcək. Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyulub. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut - Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək.

Beləliklə, Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlığın gələcəkdə də gücləndiriləcəyi istisna deyil.