YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkili standartlara rəğmən…

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirib: “Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Biz müstəqil olmaq üçün iqtisadi anlamda yatırımlar etmişik. Yoxsa biz özümüzü asılı hiss edərdik. Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız olmalıdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında ölkəmizin daxili və xarici siyasətilə bağlı mühüm, əhəmiyyətli məsələlərə toxunaraq xüsusi vurğulayıb ki, müstəqillik illərindən sonra yürüdülən uğurlu iqtisadi siyasət nəticəsində qarşımıza qoyduğumuz əsas məqsədlərə nail ola bilmişik. Azərbaycan Respublikasının Avropa və dünya dövlətləri ilə qarşılıqlı faydalı və səmərəli əməkdaşlığına əlverişli zəmin yaranıb. Bu konteksdə İtaliya dövləti ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, ötən 19 ildə Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işlər ölkəmizə beynəlxalq aləmdə böyük şöhrət qazandırıb. Müstəqilliyinin bərpasından sonra heç vaxt indiki kimi güclü, qüdrətli olmayan Azərbaycan dünya düzənində özünəməxsus yer tutan ölkəyə çevrilib. Bunun səbəbləri bəllidir - iqtisadi yüksəliş, müstəqil siyasət. Bu da reallıqdır ki, məhz belə bir vəziyyətdə olan ölkə haqq səsini dünyaya yaymaq istəyərkən əvəzində ikili standartlar prinsipinə məruz qalırdı. Azərbaycana təzyiqlər göstərilir, uydurma hesabatlarla ləkə yaxmağa çalışırdılar. Lakin müstəqil bir dövlət kimi Azərbaycanı xarici amillərdən qorumağı əsas prinsip kimi qəbul edən Prezident İlham Əliyev bütün bu hücumların qarşısını qətiyyətlə almaqla, ən mötəbər beynəlxalq tribunalardan, kürsülərdən Azərbaycanın haqlı mövqeyini dünyaya çatdıraraq, prinsipial siyasəti ilə bütün bunlara qalib gəldi.

Azərbaycan Respublikası 30 ildən artıq müddətdir ki, müstəqil dövlətdir. Prezidentin Azərbaycanın müstəqillik istiqamətində apardığı uğurlu siyasət ölkəmizin dünya dövlətləri arasında siyasi nüfuzunu artırıb. Artıq Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Hər kəs gözəl anlayır ki, Prezidentin apardığı uğurlu siyasət nəticəsində dövlət müstəqilliyimiz əbədidir və əbədi olacaq.