YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil siyasətin real nəticəsi: siyasi sabitlik, iqtisadi inkişaf

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Bu gün Azərbaycanın regionda lider, dünyada söz sahibi bir dövlətə çevrildiyini qürur hissi ilə söyləyə bilirik. 44 gün ərzində qazanılmış Zəfər Azərbaycanı Qalib dövlət kimi dünyada tanıtdığı kimi, Prezident İlham Əliyevin sarsılmaz iradəsi, uzaqgörənliyi sayəsində aparılan enerji siyasəti də respublikamızın dünya dövlətləri arasında önəmli mövqe tutmasına səbəb olmuşdur. Təbii ki, bu baxımdan Azərbaycanın Avropa İttifaqı ilə olan qarşılıqlı əməkdaşlıqlarını qeyd etmək yerinə düşər. Respublikamızın Avropa İttifaqı ilə siyasi münasibətlər sahəsində qazandığı nailiyyətlərinin ticari sahəyə də ötürülməsi təqdirəlayiqdir. Avropa İttifaqı ilə ticari əməkdaşlıqdan danışan zaman ilk öncə göz önünə gələn və bu gün də gündəliyimizdə üstün yer tutan əsas sahə enerji sahəsidir.

Əlbəttə, respublikamızın transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.

Bu baxımdan sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə əsas qonaq qismində iştirak edərək forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı böyük əhəmiyyət kəsb edir.

Həm Prezident İlham Əliyevinin çıxışı, həm də cıxışdan sonra verilən suallara cavabı ölkəmizin qonşu dövlətlərlə siyasi dialoqu, qarşılıqlı iqtisadi əməkdaşlığa verilən önəmi, eyni zamanda öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaqla qonşularla normal münasibətlər qurmaq istəyini ifadə etdi. 30 illik müstəqillik dövründə qonşularımızla münasibətlərin bu konteksdə qurulması, problemli sahələr və fərqli mövqelərlə bağlı məsələlərin hər zaman aşkar şəkildə ifadə edilməsi göstərir ki, Azərbaycan özünü nəhəng qonşularının siyasətinə uyğunlaşdırmır. Azərbaycanın hər zaman beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşan öz siyasəti olub. Bunun nəticəsidir ki, Azərbaycan artıq siyasi və iqtisadi sabitlik mövqeyinə malik olaraq uğur qazanıbdır. 30 il əvvəl Sovet İttifaqının tərkibindən qopan ölkəmizin insanları müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Təbii ki, bunun üçün ölkəmiz güclü olduğu qədər, həm də, yaxşı dostlarımız və tərəfdaşlarımız olmalıdır. Prezident İlham Əliyevin İtaliyaya səfəri və səfər çərçivəsində ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş məsələlərin müzakirə edilməsi, İtaliya ilə mədəni, təhsil və özəlliklə də enerji sahələrində əlaqələrin inkişafı, ölkəmizin İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyl planlaşdırması, uyğun olaraq ümumi ixracın 22 milyard kubmetrdən artıq olacağı göstərir ki, Azərbaycan bu gün müstəqil siyasət yürüdür və Avropanın, xüsusən də İtaliyanın enerji təhlükəsizliyinin qarantı rolunu oynayır.