Xəbərlər
İmkanlar səfərbər edilib

Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycanın iqtisadi, hərbi qüdrəti davamlı olaraq artmaqla yanaşı, beynəlxalq əlaqələri genişlənir. Yerləşdiyi mürəkkəb coğrafi məkan dünyanın ən strateji ərazilərindən, dünyanın nəhəng güclərinin maraqlarının kəsişdiyi nöqtələrdən biri olmasına baxmayaraq Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, apardığı düzgün siyasət hesabına Azərbaycan inkişaf tempini qoruyub saxlayır. Belə bir mürəkkəb məkanda tam müstəqil siyasət yeritdiyinə görə Azərbaycanın beynəlxalq nüfuzu artır.
Sentyabr ayının 2-də İtaliyanın Çernobbio şəhərində “The European Hause – Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Formuna İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliyanın Nazirlər Şurasının sədri Mario Draqinin və “The European Hause – Ambrosetti” beyin mərkəzinin Prezident İlham Əliyevi bu mötəbər tədbirə dəvət etməsi yuxarıda qeyd olunanların əyani təsdiqidir. Forumun plenar iclasında Prezident İlham Əliyev “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etdi və tədbir iştrakçılarının müxtəlif suallarına məzmunlu cavablar verdi.
Prezident İlham Əliyev öz çıxışında Azərbaycanla İtaliya arasında mövcud olan əlaqələrdən bəhs etdi, dövlət başçılarının və yüksək vəzifəli dövlət rəsmilərinin qarşılıqlı səfərlərin intensiv xarakter aldığını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Avropa İttifaqına daxil olan ölkələr arasında Azərbaycanın enerji daşıyıcıları sahəsində ən çox əməkdaşlıq etdiyi dövlət İtaliyadır. Keçmiş SSRİ respublikaları arasında Azərbaycan ilk dövlətdir ki, hasil etdiyi neft və təbii qazı Avropa bazarına çıxarıb. Müstəqilliyini bərpa etməsindən üç il ötməmiş Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxarılması təmin edilib. Ötən dövr ərzində Azərbaycanın hasil etdiyi neft və qazın Avropa bazarlarına birbaşa nəql edilməsi üçün infrastruktur yaradılıb. TANAP və TAP qaz kəmərinin çəkilişi ilə Azərbaycan qazının Avropanın bir neçə dövlətinə nəqli təmin edilib.
Bu gün Avropanın Azərbaycan qazına tələbatı artıb. Azərbaycan da öz növbəsində mövcud imkanları səfərbər edərək, Avropaya nəql edilən qazın həcmini maksimum səviyyəyə çatdırmaq istiqamətində qətiyyətli addımlar atır.