YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın enerji strategiyası qlobal təhlükəsizlik sistemində hansı rola malikdir?

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Bu il, sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının  28 ili tamam olur.  Məhz 28 il bundan əvvəl –1994-cü ilin sentyabrında həm ölkəmizin iqtisadi həyatında, həm də dünyanın və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq bir layihəyə start verildi. 12 sonra, 2006-cı ildə layihənin məntiqi davamı kimi, hasil edilən neftin Avropa bazarlarına ixracı üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin,  2007-ci ilin əvvəlində isə öz tarixi əhəmiyyətinə görə heç də Bakı-Tbilisi-Ceyhan neft kəmərindən geridə qalmayan Bakı-Tbilisi-Ərzurum qaz  kəmərlərinin işə düşməsi ölkəmizin dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Məhz bu layihənin məntiqi nəticəsidir ki, Azərbaycan bu gün nəinki neft ixrac edən, eyni zamanda qaz ixrac edən ölkəyə çevrilmiş, həm qonşu ölkələrin bazarlarında, həm də Avropa bazarında etibarlı tərəfdaş  kimi tanınmış, Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzər regionu və Mərkəzi Asiyanın qaz ehtiyatını Avropaya daşımaqla Avrasiyanın enerji xəritəsini dəyişmiş prioritet bir layihəyə çevrilmişdir. 

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində, sentyabrın 2-də, İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusundakı çıxışı da məhz Avropanın, eləcə də bu qitədəki əsas tərəfdaşlarımızdan biri olan İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasına, bu siyasətin həyata keçirilməsində  enerji daşıyıcılarının roluna həsr edilmişdi.

Azərbaycanın həyata keçirdiyi siyasət çoxvektorlu, geniş yelpazəni əhatə edən bir siyasətdir. Lakin bu siyasətdə də prioritet  təşkil edən  elementlər var ki, bu da təbiidir və ilk növbədə  ölkəmizin maraqlarına  xidmət edir.  Buna misal olaraq, qardaş Türkiyə ilə xüsusi münasibətləri göstərmək olar. Bu kontekstdə, 27 dövlətindən ibarət olan Avropa İttifaqının içərisindəki İtaliya ilə münasibətlərin xüsusi çəkiyə malik olması da təsadüf  deyil. İtaliya Azərbaycanın ən yaxın ticari-iqtisadi tərəfdaşı və Avropa ölkələri içərisində Azərbaycan neftinin ən böyük və qazının isə üçüncü ən böyük alıcısıdır. Bu ölkə eyni zamanda  NATO üzvü olan dövlətdir ki, bu da həm Avropa İttifaqı, həm də NATO çərçivəsində strateji tərəfdaşımız sayılan İtaliyanın əhəmiyyətini artırır.  

Azərbaycanın enerji strategiyasını şərh edən Prezident, dünyanın aparıcı enerji şirkətləri ilə imzalanmış “Əsrin Müqaviləsi” ilə başlayan  və  Avropa  bazarlarının  neft-qaz təchizatında mühüm rol oynayan ixrac boru kəmərlərinin inşası ilə davam edən prosesi təsnifləndirmiş, dünya bazarına təchizatın şaxələndirilməsi prosesində təşəbbüskar ölkə kimi Azərbaycanın  rolunu qeyd etmiş, bu təşəbbüs sayəsində Avropaya qaz nəqlinin artıq 13,5 milyard kubmetri keçdiyini, yaxın gələcəkdə isə ixracın 22 milyard kubmetrdən artıq olacağını vurğulamışdır. Hazırda ən mühüm enerji arteriyalarından hesab edilən TANAP-ın 16 milyard kubmetrlik ötürmə qabiliyyətinin 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrlik ötürmə qabiliyyətinin  20 milyard kubmetrə çatdırılması planlaşdırılır ki, bu layihələrin reallaşmasında tərəfdaş ölkələrin investisiya dəstəyi zəruridir.

Həyata keçirilən və keçirilməsi planlaşdırılan bu layihələr,  Prezidentin, “Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq” fikrinin əyani təsdiqidir. Əgər Azərbaycan müstəqil siyasət yürüdən bir ölkə olmasaydı, bu layihələr reallaşa bilməz, Azərbaycan da bəzi postsovet ölkələri kimi öz resurslarını ikinci, üçüncü əldən realizə etmək məcburiyyəti qarşısında qala bilərdi.

Azərbaycanın enerji sektorunda Avropa ilə əməkdaşlığının təkcə karbohidrogen ixracı ilə məhdudlaşmadığını, Xəzərin Azərbaycan sektorunda, həmçinin azad edilmiş ərazilərdə - Qarabağ və Zəngəzurdakı külək, günəş və hidroenerji  stansiyalarının  potensialının ümumilikdə 167 qiqavatdan çox olduğunu qeyd edən Prezident, bu potensialın dəyərləndirildiyi və artıq üç ölkənin aparıcı enerji şirkətiləri ilə müvafiq razılaşmaların  imzalandığını görüş iştirakçılarının diqqətinə çatdırmışdır.

Ukraynada cərəyan edən hadisələr, bütün dünyanı, xüsusilə də enerji kollapsı ilə üz-üzə qalmış Avropanı, enerji strategiyasına yenidən baxmağa vadar etdi. Bu gün Azərbaycan, qarşıya çıxmış enerji böhranını aradan qaldırılmasında ən mühüm halqalardan birinə çevrilmişdir. Azərbaycan artıq istehsal ediləcək elektrik enerjisinin Avropaya ixracı yolları barədə düşünür və alternativlər içərisində Zəngəzur dəhlizinin də  imkanları dəyərləndirilir.

Prezidentin İtaliya səfəri təkcə enerji sahəsində deyil, eyni zamanda təhsil sahəsində əməkdaşlıq üçün  də yeni  üfüqlər açmışdır. Bu siyasət – yəni “neft kapitalını insan kapitalına çevirək” siyasəti, təbii sərvətlərdən əldə edilən vəsaiti insanlarımızın savadlanmasına, inkişaf edən  iqtisadiyyatımızın  yeni və savadlı mütəxəssislərlə təmin edilməsinə yönəldilməsini ehtiva edən bu strategiya, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə yeni bir müstəviyə qədəm qoymuşdur. Ümüdvarıq ki, Prezident İlham Əliyevin apardığı müdrik siyasət, vətənimizin həm siyasi, həm iqtisadi qüdrətinin artmasına, xalqlar arasında qarşılıqlı anlaşma və etimad mühitinin daha da yaxşılaşmasına vəsilə olacaq.