YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvandan başlanan xilaskarlıq yolu

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Qüdrətli Azərbaycan dövlətinin qurucusu, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri misilsizdir. Bu xidmətlərdən biri də Azərbaycan dövlətçiliyinin xilası və ölkəmizin gerçək müstəqilliyinin təmin olunmasıdır.

Ötən əsrin 90-ci illərinin əvvəlində Azərbaycanın yenidən öz dövlət müstəqilliyinə qovuşmaq imkanı yarandı. Lakin hakimiyyət uğrunda gedən çəkişmələr, ölkədə mövcud olan siyasi hərc-mərclik, xaricdən təhdidlər və təcavüzkar erməni silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğal olunması Azərbaycanı olduqca çətin duruma salmışdı. Çox mürəkkəb situasiya qarşısında qalan Azərbaycan yenicə əldə etdiyi dövlət müstəqilliyini itirə bilərdi. Həmin dövrdə blokada şəraitində qalan Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi durumu olduqca acınacaqlı vəziyyətdə idi. Heç bir idarəçilik bacarığı olmayan o vaxtki hakimiyyətin yarıtmaz siyasəti Naxçıvanın durumunu daha da ağırlaşdırıb, olduqca mürəkkəb vəziyyətə gətirib çıxarmışdı.

Məhz 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və yüksək bacarığı sayəsində Naxçıvanda sabitlik təmin edildi və həyat öz axarına düşdü. Muxtar Respublikada sosial-iqtisadi vəziyyət yaxşılaşmağa başladı. O dövrə nəzər saldıqda bu proseslərin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğunu görə bilərik. Belə ki, bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi.

17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımızın qaldırılması, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması kimi tarixi qərarların qəbul edilməsi və icra olunması SSRİ-nin mövcud olduğu bir dövrdə yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, bunu da ulu öndər Heydər Əliyev nümayiş etdirdi. Həmçinin, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Ulu öndər Heydər Əliyev, eyni zamanda milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirdi və tarixi qərarlar qəbul etdi.

Ümummilli Liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan xalqının taleyində olduqca böyük tarixi əhəmiyyətə malik olan hadisədir. Naxçıvandan başlanan xilaskarlıq yolu ölkəmizin şanlı tarixində yeni səhifə açaraq, doğma Azərbaycanımızın işıqlı gələcəyini təmin etdi.