YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüsseldə növbəti diplomatik qələbə!

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Avropa İttifaqının təşəbbüsləri təqdirəlayiqdir. Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirildi. Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanat verərək müzakirə olunan və razılaşdırılan məsələləri açıqladı. Sülh müqaviləsinin imzalanması regionda etimad mühitinin formalaşması və davamlı təhlükəsizliyin təmin olunması üçün ən vacib şərtdir. Yenə də Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez hazırlanaraq imzalanmasının tərəfdarıdır. Yeri gəlmişkən, ölkəmiz sülh müqaviləsinin imzalanması üçün İrəvana 5 bənddən ibarət təkliflər paketi ünvanlayıb. Bu təkliflərdə müharibənin qalib tərəfi olan Azərbaycan hansısa imtiyazlar istəmir və şərtlər irəli sürmür. Təkliflər sırf beynəlxalq prinsiplərə istinad olunmaqla hazırlanıb. Təəssüf doğuran haldır ki, Ermənistan sənədə razılığını bildirsə də, mücərrəd və absurd, beynəlxalq prinsiplərə tamam zidd olan iddialar da səsləndirir. Həmçinin məğlub dövlət Azərbaycanın Rusiyanın hərbi kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərində vaxtaşırı təxribatlar törədir və bununla da etimad mühitinin möhkəmlənməsinə, bütövlükdə sülh prosesinə əngəllər yaradır.

Məğlub ölkənin bütün cəhdləri ona yönəlib ki, sülh müqaviləsinin hazırlanması və imzalanması bütün proseslərdən kənarda qalsın və ən sonrakı mərhələyə saxlanılsın. Belə yanaşma isə sülh prosesini sonsuzluğa qədər uzada bilər. Ancaq Brüsseldə danışıqların növbəti raundu bir daha təsdiqlədi ki, məğlub Ermənistanın manipulyasiyaları heç bir nəticə verməyəcək. Ermənistanın baş nazirinin Brüsseldəki danışıqlarda ölkəsinin qeyri-müəyyən və ardıcıl olmayan, sülh proseslərini ləngitməyi hədəfləyən mövqeyini əsaslandırmaq cəhdləri növbəti dəfə iflasa uğradı. Belə ki, erməni tərəfinin müqavimət göstərməsi və real nəticələrin əldə olunmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Brüsseldə İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə edə bildi. Müzakirələrdə sülh müqaviləsinin Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında hazırlanacağı barədə ümumi fikir ifadə olunub. Həmçinin bir ay müddətində ölkələrin Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olunub. Bütün bunlar isə Ermənistanın sağlam məntiqdən uzaq olan iddialarının alt-üst olması anlamına gəlir.

44 günlük müharibədə Qələbə qazanan Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yeni reallıqlar formalaşdırdı. Bu reallığın ən mühüm elementi isə, heç şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik aradan qaldırılmasıdır. Prezident İlham Əliyev artıq belə bir münaqişənin olmadığını dəfələrlə bəyan edib. Torpaqların işğaldan azad edilməsi ilə ermənilərin iddialarına birdəfəlik son qoyulub. Azərbaycan çoxmillətli bir ölkədir. Burada bütün xalqların nümayəndələri birlikdə yaşayırlar və bərabər hüquqlara malikdirlər. Belə olan halda nə üçün Azərbaycanda yaşayan ermənilərə xüsusi status və yaxud imtiyazlar verilməlidir? Ermənistan bu reallığı dərk etməli və “status” iddialarını unutmalıdır. Azərbaycan ərazisində ermənilər də digər xalqların nümayəndələri kimi ölkəmizin qanunları ilə yaşayacaqlar.

Şarl Mişelin bəyanatında ATƏT-in Minsk qrupunun adı çəkilmir. Ötən  illər ərzində Minsk qrupunun təmsilçilərinin fəaliyyəti bölgəyə turist səfərlərindən uzağa getmədi. Qurumun illər ərzində qeyri-prinsipial mövqe tutması, işğalçını öz adı ilə çağırmaması, təcavüzkarla işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyması suallar doğurur. Azərbaycan münaqişəni bu qurumun köməyi, dəstəyi olmadan özü həll etdi. Belə olan halda bəzi dairələrin ATƏT-in Minsk qrupuna istinad etmələri ölü cana nəfəs vermək cəhdinə bənzəyir. Çox müsbət haldır ki, Avropa İttifaqı Şurası iki ölkə arasında münasibətlərin tənzimlənməsinə və sülhə nail olunmasında vasitəçilik missiyasını həyata keçirərkən qətiyyən ATƏT-in Minsk qrupuna istinad etmir. Elə Şarl Mişelin Bəyanatında da nə Dağlıq Qarabağ mövzusu var, nə də ATƏT-in Minsk qrupu qeyd olunur. Minsk qrupunun formatı məhv olub, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Aİ-nin vasitəçilik formatı var və Azərbaycanın daxili işi olan Qarabağ mövzusu müzakirə edilmir.

Beləliklə, növbəti Brüssel görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi sayıla bilər. Qalib dövlətimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəf və məqsədlərə nail olur və bundan sonra da olacaq!