YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətçilik tariximizin ən mühüm səhifəsi - Naxçıvandan başlanan yol

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, adı müstəqillik tariximizə qızıl hərflərlə yazılmış ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər Naxçıvan dövrü mühüm yer tutur. Ulu Öndərin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda, təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü oldu. Həmin vaxtlar Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən sessiyalarında gündəliyə çıxarılan məsələlər, qəbul edilən tarixi qərarlar Azərbaycanın müstəqilliyinə və suverenliyinə atılan addımlar idi. O zaman Naxçıvan Muxtar Respublikasında yaranmış gərgin, böhranlı vəziyyəti aradan qaldırmaq, MR sərhədlərində müharibəni səngitmək, Müdafiə Komitəsinin fəaliyyətini gücləndirmək, əhalinin ağır iqtisadi, sosial vəziyyətinə, ərzaq, enerji, yanacaq təminatına kömək etmək kimi həyati məsələlərin öhdəsindən məhz Heydər Əliyev - böyük təcrübəyə malik, səriştəli bir rəhbər, dünyada tanınmış siyasətçi gələ bilərdi. Və xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri kimi yorulmaz və səmərəli fəaliyyətə başladı. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri Muxtar Respublikanın adından çıxarılması, ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edilməsi, Azərbaycan dövlətinin bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etməsi üçün Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılması müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Ömrünün hər anı ilə siyasi təqvimimizdə özünəməxsus yeri olan dahi şəxsiyyətin təkidi və iradəsi ilə 1991-ci ildə Naxçıvan Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda iştirak etmədi. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi.

1992-ci il noyabrın 21-də isə respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə bu günün hakim partiyası – Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Dahi şəxsiyyət qətiyyətli siyasəti ilə ölkəmizi bütün təhlükələrdən qoruyub, dövlət, xalq qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaradıb. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanda hakimiyyətin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin böhranı, 1993-sü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoya bilərdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini itirmək təhlükəsinin qarşısını aldı. Ulu Öndərin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasını yerinə yetirməsi parçalanmaq, dağılmaq təhlükəsi ilə qarşı-qarşıya duran Azərbaycanı fəlakətdən qurtardı. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan ümummilli lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifələri yazıldı.

Müstəqil ölkəmizin bugünkü uğurları ulu öndər Heydər Əliyev strategiyasının təntənəsidir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır.