YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Qırğız Respublikasının milli bayramı münasibətilə Prezident Sadır Japarova təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Sadır Japarova təbrik məktubu göndərib.

Məktubda bayram münasibətilə ən səmimi təbriklərini çatdıran dövlətimizin başçısı gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağını vurğulayıb.

Təbrik məktubunda bildirilib ki, ortaq tarixə, qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əlaqələrimizin inkişafı məmnunluq doğurur. Cari ilin aprelində Azərbaycana rəsmi səfəriniz zamanı əldə olunan razılaşmalar və imzalanan bir sıra sənədlər, xüsusilə də “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum” münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinin bariz nümunəsidir.

“İnanıram ki, Azərbaycan-Qırğızıstan əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunması, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişlənməsi naminə bundan sonra da birgə səylərimizi davam etdirəcəyik”, - deyə Prezident İlham Əliyevin təbrik məktubunda qeyd olunub.