YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyası daha da sıx əməkdaşlıq mərhələsinə qədəm qoyur

Sevinc Qasımova

YAP Gənclər Birliyinin sədr müavini

Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azəbaycana rəsmi səfərə gəlib. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə iki ölkə arasında əməkdaşlıq sənədləri imzalanıb.

Tokayev səfər zamanı xatırladıb ki, Prezident İlham Əliyev Qazaxıstanın ali ordeni olan “Altın kıran” - “Qızıl qartal” ordeni ilə təltif olunub. Bu, xalqlarımızın dostluğunun və qardaşlığının bir daha təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət kimi dəyərləndirilir.

Qeyd etmək lazımdır ki, Vətən müharibəsində ölkəmizin Zəfər qazanması təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda mövcud siyasi reallığı dəyişib, yeni bir dönəm başladıb. Buna görə, yeni geosiyasi reallığın əsas oyunçusu Azərbaycan, proseslərin gedişatını idarə edən lider isə Prezident İlham Əliyevdir.

Baş verən hadisələr, siyasi gedişlər fonunda Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür.

Qazaxıstan Orta Asiyanın ən böyük və güclü dövlətlərindən biridir. Azərbaycanla xüsusi münasibətləri qoruyan bu dövlət Vətən müharibəsindəki Zəfərdən sonra əməkdaşlıq və tərəfdaşlıq məsələsində ölkəmizlə birgə addımlamağa xüsusilə maraqlıdır. Kasım-Jomart Tokayevin Bakıya səfəri də göstərir ki, Qazaxıstanın gələcək inkişaf strategiyasında, əsasən də enerji resurslarının Qərb bazarlarına çıxarılması işində əsas həlqələrdən biri və bəlkə də birincisi məhz Azərbaycanla tərəfdaşlıqdır. Azərbaycanın tam müstəqil idarə edilən, güclü mərkəzi hakimiyyətə sahib ölkə olması, təhlükəsizlik və stabillik kimi meyarları təmin etməsi ölkəmizlə əməkdaşlığa can atan dövlətlərin sayını artırır. Qazaxıstan Prezidentinin səfəri zamanı “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin imzalanması ilə müttəfiqlik münasibətləri rəsmiləşdirilmiş oldu. Türkiyə və Özbəkistanın ardınca Qazaxıstanla müttəfiqliyin formalaşması onu deməyə tam əsas verir ki, Prezident İlham Əliyev iqtisadi, siyasi, hətta sosial amilləri nəzərə almaqla Türk birliyinin çox səmərəli müasir formatını yaradıb yeni Türk tarixi yazmaqdadır.

Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Qazaxıstan şirkətləri işğaldan azad olunan ərazilərimizdə də sərmayə qoyuluşunda maraqlıdırlar. Açıqlanan rəqəmlərə görə, artıq 65-dən çox Qazaxıstan şirkəti bununla əlaqədar müraciət edib. Prezidentlərin görüşündə vurğulanan bir məsələ də məhz bununla əlaqədar idi. Belə ki, Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirildi. Mərkəz Füzuli şəhərində tikiləcək. Həmçinin, Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır.

Regionda baş verən proseslər göstərir ki, Türk dünyası daha da sıx əməkdaşlıq mərhələsinə qədəm qoyur. Etiraf etmək lazımdır ki, Türk dövlətləri arasındakı əməkdaşlığın güclənməsində Azərbaycanın xüsusi rolu var. Azərbaycan Prezidentinin Özbəkistana səfəri, daha sonra Qazaxıstan rəhbərinin ölkəmizə gəlməsi, liderlər arasındakı telefon danışıqları və digər məqamlar Türk dünyasında əməkdaşlıq üçün mövcud imkanlardan daha geniş istifadə olunacağından xəbər verir.