YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Qazaxıstan münasibətləri dinamik inkişaf edir

Fərid Dünyamaliyev

YAP Gənclər Birliyinin üzvü

Bu gün Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli faktorlar - geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm məqamlar yaxınlaşdırır. Azərbaycan və Qazaxıstanın materikin əsas geosiyasi bölgəsi olmalarına imkan verən bu üstünlüklər, düşünülmüş və balanslaşdırılmış siyasət sayəsində hər hansı bir dövlətin maraqlarına qarşı yönəlməyən, regionun inkişafına təkan verən layihələrin həyata keçirilməsini təmin edib.

Azərbaycan da, Qazaxıstan da bu gün həm enerji daşıyıcılarının hasilatına xarici kapitalın cəlb edilməsi və bu daşıyıcıların dünya bazarlarına çıxarılması məsələsində, həm də Xəzərin hüquqi statusu kimi mövzularda oxşar mövqedən çıxış edərək, dünyada enerji təhlükəsizliyinin təminatında etibarlı alternativ tərəfdaş kimi çıxış edir. Ona görə də böyük bir coğrafiyanın gələcək müqəddəratının müəyyənləşdiricisi kimi Azərbaycanla Qazaxıstanın adının birgə çəkilməsi heç də təsadüfi deyil. Tarixi, geosiyasi, iqtisadi bənzərlikləri və maraqları bu qədər üst-üstə düşən Azərbaycanla Qazaxıstanın ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi, strateji müttəfiqlik əsasında daha da inkişaf etdirilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin Bakıya səfəri də ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələrinin göstəricisi olmaqla bərabər, məhz belə bir məqsədə xidmət edir.

Ümumiyyətlə, son illər iki ölkə arasında siyasi münasibətlərin və iqtisadi əlaqələrin sürətlə inkişafında hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlətlərarası və hökumətlərarası sazişləri mühüm rol oynayıb. Prezident İlham Əliyevin hakimiyyəti dövründə qarşılıqlı səfərlər daha da intensivləşərək, iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşməsində baza rolunu oynayıb. İndiyə qədər dövlət başçılarının 10-dan çox qarşılıqlı səfərləri olub, ölkələrimiz arasında 130-dan çox sənəd imzalanıb. Həm bu səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün platforma rolunu oynayıb. Bu səmərəli siyasi dialoqun töhfəsi olaraq, hazırda Azərbaycan-Qazaxıstan münasibətləri bir çox sahələrdə dinamik şəkildə inkişaf etməkdədir.

Yaxın tarixə qısaca nəzər salsaq görərik ki, Xəzər hövzəsinin və Orta Asiyanın enerji resurslarının Qərbə, xarici bazarlara çıxarılmasında dəhliz funksiyasını yerinə yetirməsi, ixrac marşrutlarının diversifikasiyasındakı üstünlükləri Azərbaycanı Qazaxıstan üçün enerji əməkdaşlığı sahəsində də müstəqilliyin ilk illərindən vacib ölkəyə çevirib, bu əməkdaşlığa strateji xarakter qazandırıb.

Azərbaycanla Qazaxıstan strateji tərəfdaş olan ölkələrdir. Məhz bu cür strateji yanaşmanın nəticəsidir ki, Azərbaycan və Qazaxıstan arasında bu illər ərzində heç bir problem yaşanmayıb, Xəzərin hüquqi statusu ilə bağlı ölkələr qısa müddətdə razılığa gələ biliblər. Azərbaycan və Qazaxıstan bir sıra nəqliyyat layihələrinin həyata keçirilməsi üzrə də əməkdaşlıq edirlər.

Təsadüfi deyil ki, Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub. Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.