YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Dağlıq Qarabağda keçiriləcək “seçkilər”in “müşahidəçi”ləri barədə cinayət təqibi başlana bilər

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçiriləcək qanunsuz “parlament seçkiləri” və bu “seçkilər”də “müşahidəçi” kimi iştirak edəcək şəxslərlə bağlı açıqlama verərək deyib ki, onlar barədə cinayət təqibinin başlana biləcəyi istisna deyil.

H.Hacıyev bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə qanunsuz “parlament seçkiləri”nin keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu qanunsuz seçkilərlə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən 2015-ci il fevralın 27-də bəyanat verilib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin sülh sazişi üzərində işə başlamaq üçün etdiyi çağırışlara məhəl qoymayaraq, Ermənistan tərəfindən “seçki” adı altında atılan bu təxribatçı addım yalnız danışıqlar prosesinə xələl gətirmək və Azərbaycana qarşı işğal və təcavüzü pərdələmək məqsədi daşıyır. Beynəlxalq ictimaiyyət tərəfindən bu qeyri-qanuni “seçkilər” pislənilir, qanunsuz hesab edilir və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstək ifadə olunur. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən 30 aprel tarixli bəyanatda bu seçkilərin tanınmadığı bir daha vurğulanır.

İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən təşkil olunan bu “seçkilər”də özü-özünü “müşahidəçi” adlandıran bəzi marginal siyasi şəxslərin bu kimi davranışı Azərbaycan Respublikası qanunlarının kobud şəkildə pozulması kimi qiymətləndiriləcək. Özü-özünü “müşahidəçi” elan edən bu şəxslərin fəaliyyəti işğal, təcavüz və Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticələrinin təşviqinə xidmət edir.

Slovakiya vətəndaşı Frantişek Mikloşkonun timsalında olduğu kimi, işğal edilmiş ərazilərə qanunsuz səfər edən və Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozan bu kimi özü-özünü “müşahidəçi” elan etmiş şəxslərə münasibətdə də cinayət təqibinin başlana biləcəyi istisna deyil.

Slovakiya vətəndaşı Frantişek Mikloşko barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir və onun barəsində İnterpol vasitəsilə axtarış verilib.