YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın gücünün, Prezidentimizin qətiyyətinin göstəricisi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın arxada qalan illərdə qələbəyə hazırlıqlarına, bütün sahələrdə qazandığı uğurlara işıq saldı. Ermənistan və ona havadarlıq edən dövlətlər bir daha bu reallığın da şahidi oldular ki, Azərbaycan nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilir, bunu sözdə deyil, əməldə nümayiş etdirir. Rəsmi Bakı 30 ilə yaxın işğal dövründə ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Nə yolla olursa-olsun işğal altında olan torpaqlarımız azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar.

Azərbaycan bu illər ərzində gücləndi, qüdrətləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Azərbaycan Silahlı Qüvvələri tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında hansı imkanlara malik olduğunu Ermənistana  göstərmişdir. Möhtəşəm Zəfərimiz uğurlarımızın zirvəsi oldu. Ermənistana elə bir dərs verildi ki, artıq ordusunun “məğlubedilməzliyi” barədə nəinki danışmır, dilə gətirməsi belə mümkünsüzdür.  Azərbaycan ordusu qarşısında diz çökən Ermənistan Şuşa əməliyyatından, Qarabağın tacının azad edilməsindən sonra kapitulyasiya aktını imzalamaqdan başqa yolu olmadığını gördü. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycan hərbi-siyasi Qələbəsini dünyaya bəyan etdi.

Dövlət başçısı İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha tarixi Zəfərimizdən, Ermənistana verilən tarix, hüquq dərsindən geniş bəhs edərək “Qisas” əməliyyatının özündə ehtiva etdiyi mesajları bir daha Ermənistana çatdırdı: “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq. Bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımızın təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik”.

Dövlət başçısı İlham Əliyevin  müsahibəsində Ermənistana ünvanlanmış “odla oynamasınlar”, “özlərini yaxşı aparsınlar”, “yeni reallıqları qəbul etsinlər”, “bizi heç kim və heç nə dayandıra bilməz”, “oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər” xəbərdarlığı Azərbaycan dövlətinin gücünün, qüdrətinin,  ölkə Prezidentinin  qətiyyətinin göstəricisidir.

Cənab İlham Əliyev müsahibədə postmünaqişə dövrünün reallıqlarına diqqəti yönəldərək iki il ərzində nə qədər dəyişikliklərin baş verdiyini bildirdi. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəlikləri lazımi səviyyədə yerinə yetirir. Ölkəmizin atdığı addımlar, həmçinin Ermənistana təklif etdiyi sülh modeli beynəlxalq səviyyədə dəstəklənir. Baxmayaraq ki, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edir, amma hələ də sülh danışıqlarına başlanması istiqamətində heç bir addım atmayıb. Ermənistan açıq-aşkar Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini, vaxt qazanmaq üçün müxtəlif vasitələrə əl atdığını təsdiqləyir. Hələ də 30 ilə yaxın işğal dövrünün  xəyalları ilə yaşayan Ermənistan unudur ki, artıq postmünaqişə dövründəyik. Diktə edən tərəf Azərbaycandır. Dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edir, regionda davamlı sülhə və təhlükəsiziyə dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Ermənistanın haqsızlığı, himayədarlarının dəstəyinə arxalanaraq ədalətin və beynəlxalq hüququn mövcudluğunu unutması onun hazırkı dövrdə təklənməsini şərtləndirdi. Hər zaman sonda ədalət zəfər çalır. Dövlət başçısı İlham Əliyev “İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir, amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib? Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Şüurda nə qədər dəyişikliklər baş verir? Nəyə görə? Düzgün siyasətimizə görə. Çünki müharibə başa çatandan dərhal sonra mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq” fikirləri ilə hazırkı mərhələnin reallıqlarını təqdim edir. Ermənistanın onun üçün yaradılan şansdan bəhrələnməkdən başqa yolu yoxdur. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Danışıqlar masasında hər hansı bir statusdan söhbət belə getmir. Bu çağırış da edildi ki, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının, ölkəmizdə yaşayan xalqların hüquqları necə qorunursa, onların da hüquqları elə qorunacaq.

Ermənistan bu bəyanatlardan nəticə çıxarmalı, sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmalıdır.