YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sülhün və inkişafın tərəfdarıdır

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Prezident İlham Əliyevin mütəmadi olaraq bölgələrə səfərlər etməsi regionların iqtisadi inkişafına dair dövlət proqramlarının səmərəli icrasının, Azərbaycanda görülən bütün quruculuq işlərinin ölkə rəhbərliyi tərəfindən daim diqqətində saxlandığını göstərir. Məhz bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərimiz daha sürətlə bərpa olunur, həyata keçirilən dövlət proqramları səmərəli şəkildə icra edilir.

Avqustun 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağsu və İsmayıllı rayonlarına səfər ediblər. Onlar səfər çərçivəsində İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar. Hər iki obyekt İsmayıllının turizm potensialının güclənməsinə və bölgədə turizmin inkişafına mühüm töhfələr verəcək. Ağsu və İsmayıllı rayonlarına səfəri çərçivəsində açılışında iştirak etdiyi obyektlər bu rayonların iqtisadi inkişafının daha da sürətlənməsində mühüm rol oynayacaq. Ölkəmizdə Prezident İlham Əliyevin regionlara hər səfərində yeni obyektlərin açılışında və yaxud təməlqoyma mərasimlərində iştirakı bir ənənə halını alıb. Səfər çərçivəsində dövlətimizin başçısı Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında da iştirak edib, həmçinin “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub. Hər bir yeni istifadəyə verilən müəssisə, ilk növbədə, yeni iş yerləri deməkdir, xüsusilə bölgələrdə işsizlik probleminin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış bir addım kimi dəyərləndirilməlidir.

Prezident İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində müxtəlif məsələlərlə bağlı əhatəli təhlillər və konseptual xarakterli fikirlər öz əksini tapıb. Regionların iqtisadi inkişafına dair dövlət proqramlarının icrası çərçivəsində son illərdə Ağsu və İsmayıllı rayonlarında böyük infrastruktur layihələrin, xüsusilə qazlaşdırma, elektrik enerjisi, su təchizatı və yolların tikintisi ilə bağlı çox böyük layihələrin icra edildiyini vurğulayan dövlət başçısı qeyd edib ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda isə 100 faizə yaxındır. Həmçinin son bir neçə ildə bu iki rayonda 10-dan çox elektrik yarımstansiyası inşa edilib ki, bunun da nəticəsi olaraq Ağsu və İsmayıllı əhalisinin elektrik enerjisinə olan tələbatları tam təmin edilir. Əlbəttə ki, infrastruktur layihələri arasında yol-nəqliyyat layihələri hər zaman xüsusi yer tutur. Bu baxımdan İsmayılı-Muğanlı yolunun yeni hissəsinin çəkilişi, eləcə də hər iki rayon ərazisində həm mərkəzi, həm də kənd yollarının çəkilişi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev daha sonra isə ölkənin ərzaq təhlükəsizliyi barədə danışaraq bildirib ki, bu gün bütün dünyada ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük narahatlıq var. Bu vəziyyətin yaranmasına əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir. Məhz bu müharibə nəticəsində bir çox ölkələr hazırda öz əhalisini ərzaqlıq taxılla təmin edə bilmir. Bu ölkələr üçün ənənəvi olaraq taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olublar, indi isə müharibə təchizatda çox böyük əngəllər törədib. Təəssüflər olsun ki, Azərbaycan da hazırda özünü taxılla tam təmin edə bilmir. Bununla belə, dövlətimiz tərəfindən vaxtında görülmüş tədbirlər, əldə olunmuş razılaşmalar sayəsində hazırda Azərbaycanda Rusiyadan taxıl idxalı ilə bağlı heç bir problem yoxdur. Buna paralel olaraq ölkədə ərzaqlıq buğdanın istehsalının artırılması istiqamətində də gərəkli işlər görülür. Bu məqsədlə xüsusi proqram işlənib hazırlanıb, yeni növ subsidiyaların tətbiq edilməsinə start verilib və bunun nəticəsində yaxın bir neçə ildə ərzaqlıq buğdanın Azərbaycanda istehsalının kəskin artacağı gözlənilir.

Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı yer alan fikirlər də dayanıqlı sülhə aparan yeganə yolun göstəricisi olub. Təəssüflər olsun ki, bu ayın əvvəlində baş verən hadisələr Ermənistanın hələ də Vətən müharibəsindən sonra yaranmış yeni regional reallıqları tam dərk edə bilmədiyini söyləməyə əsas verir. Bu ölkənin hakim dairələrinin nəyə və kimə güvəndiklərini, baş verə biləcək hansı dəyişikliklərə ümid etdiklərini qətiyyən anlamaq olmur. Zaman keçdikcə Qarabağda da, Şərqi Zəngəzurda da, bütün regionda da dəyişikliklər olacaq, bu, labüddür. Lakin bütün bu dəyişikliklər, Prezidentimizin dediyi kimi, yalnız Azərbaycanın xeyrinə olacaq. Əgər Ermənistan da bu yeniliklərdən faydalanmaq istəyirsə, bunun üçün mövcud olan yeganə yol Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez imzalamaq və münasibətləri normallaşdırmaqdır. Prezident İlham Əliyevin dediyi kimi, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Azərbaycan sülhün və inkişafın tərəfdarıdır.