YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın bir çıxış yolu var

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycan hər zaman sülhsevər ölkə olub, qonşularla dinc, əmin-amanlıq şəraitində yaşamağa çalışıb. Ancaq təəsüflər olsun ki, regionda Ermənistan kimi bir dövlətlə qonşuyuq. Azərbaycan dövləti torpaqları işğala məruz qaldığı vaxtdan hər zaman erməniləri sülhə, barışa dəvət edib. Ancaq heç zaman ermənilər mənfur niyyətlərindən əl çəkməyiblər. 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan yenə Ermənistana şans verib, qanunsuz silahlı terrorçu ünsürlərin Qarabağdan çıxarılmasını tələb edib. Lakin Ermənistan rəhbərliyi bu dəfə də şansları doğru qiymətləndirmir. Ümumiyyətlə, Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü hər hansı əsassız məsələlər ilə şərtləndirməyə çalışan bəyanatları, ilk növbədə, elə bu ölkənin özünə qarşıdır. Elə sonuncu “Qisas” əməliyyatı da bir daha göstərdi ki, onlar Azərbaycan ordusu qarşısında nə qədər acizdirlər.

Biz istəyirik ki, bölgədə sülh və əmin-amanlıq olsun. Bunun ən yaxşı vasitəsi münasibətlərin normallaşmasıdır, təməlində isə beynəlxalq hüquq prinsiplərinə hörmət və riayət dayanır. Lakin hələ də 10 noyabr Bəyanatının 4-cü bəndinə əsasən erməni silahlı qüvvələri Qarabağ ərazisindən tam çıxarılmayıb. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu və avtomobil yolu təmin olunmalıdır. Amma Ermənistan bu razılaşmaya da əməl etmir. Halbuki, Azərbaycan Laçın dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Təəssüf ki, revanşist qüvvələrin səsləndirdiyi boş vədlər və xülyalar Ermənistana yaxşı heç nəyi vəd etmir. Aydındır ki, Ermənistandakı bu durum uzun müddət davam edə bilməz. Gələcəkdə istər Ermənistan hakimiyyətini, istərsə də Ermənistan xalqını daha böyük fəlakətlər gözləyir. Ermənistan cəmiyyətinin isə ancaq bir çıxış yolu var: şovinist, faşist ruhlu siyasətçilərdən birdəfəlik üz döndərmək və Azərbaycanla normal qonşuluq münasibətlərinin bərpasına üstünlük vermək.

Bölgədə sülhün bərpası ilə yanaşı azad olunmuş ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması da dövlətimizin prioritet hədəfləri sırasındadır. Quruculuq işlərində dünyanın ən qabaqcıl texnologiyalarından istifadə olunur. Mədəniyyət paytaxtımız Şuşada və digər ərazilərdə indiyədək çox böyük işlər görülüb və bərpa işləri yüksək tempdə davam etdirilir. Qarabağımızda həyat 30 ilə yaxın müddətdən sonra yenidən öz axarına qovuşur. Bütün bu proseslər Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə həyata keçirilir.

Bəli, biz Prezident İlham Əliyevin şəxsində sözü ilə əməli bir olan dünya liderini görürük. Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə parlaq gələcəyə doğru inamla addımlamaqda davam edir.