YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilər sonuncu dərsdən nəticə çıxardılarmı?

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü

Təxminən iki il bundan qabaq növbəti erməni təxribatına cavab olaraq Vətən müharibəsinə başlayan Azərbaycan Ordusu xalqımızın tam dəstəyi ilə 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizin azad edilməsinə nail oldu. Lakin 10 noyabr 2020-ci il tarixində Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli Bəyanata zidd olaraq Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşən ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrini saxlamaqda davam edir. Bu azmış kimi dövlətimizin təslimçi Ermənistana çoxsaylı xəbərdarlıqlarına rəğmən, 2  ilə yaxındır həmin ərazilərdən Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat xarakterli addımlar atılır.

Xatırladaq ki, ötən müddət ərzində Ermənistanın üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də ərazilərimizdən çıxarmadığı dəfələrlə Azərbaycan dövləti tərəfindən bəyan edilib. Belə ki, üçtərəfli Bəyanatın 4-cü maddəsinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Lakin bu bir faktdır ki, qeyri-qanuni erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərində fəaliyyət göstərir. Bu yaxınlarda Ermənistan təhlükəsizlik şurasının katibi də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövcudluğunu etiraf edib və guya sentyabr ayına qədər onların çıxarılacağını bildirib. Buna baxmayaraq, həmin ərazilərdə qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətlərini davam etdirəcəyini nümayişkaranə şəkildə bəyan edib. Bütün bunlar Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də Azərbaycan ərazisində qeyri-qanuni silahlı dəstələr saxlamaq niyyətini ortaya qoyur.

Avqust ayının əvvəllərində Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdən Azərbaycan Odusunun bölmələrinə qarşı təxribatların artması da, həmin qeyri-qanuni erməni silahlı dəstələrinin özlərini tərk-silah etmək əvəzinə daha pozucu fəaliyyətə keçdiklərini sübut edir.

Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Təxribat  nəticəsində hərbi qulluqçumuz şəhid oldu. Buna cavab olaraq qalib Azərbaycan Ordusu keçirdiyi “Qisas” əməliyyatı ilə “Dəmir yumruğ”un düşmənin başını əzmək üçün hər an hazır olduğunu əyani şəkildə revanşistlərə sübut etdi. “Qisas” cavab əməliyyatı nəticəsində nəinki təxribatçılar itki verdi, eyni zamanda bir neçə strateji əhəmiyyətli yüksəkliklər nəzarətə götürüldü.

Sonuncu dərsdən ermənilər nəticə çıxardılarmı? Son hadisələr də göstərir ki, bununla bağlı optimist fikir söyləmək hələ tezdir. Ermənistandakı revanşist qüvvələr gah vaxtilə Laçın rayonunda qeyri-qanuni məskunlaşdırdıqları erməniləri ayağa qaldırır, gah da ermənilərin Laçın şəhərini, rayonun Zabux və Sus kəndlərini boşaltmasını faciə kimi təqdim edirlər. Burada məqsəd üçtərəfli Bəyanata uyğun olaraq, alternativ yolun istismara verilməsinə qarşı çıxmaqdır. Halbuki Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisi yekunlaşmaq üzrədir. Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq tikinti işləri başa çatandan sonra Rusiya sülhməramlı qüvvələri də həmin yola dislokasiya olunacaqlar. Ermənistan tərəfinin üçtərəfli Bəyanatın digər müddəaları kimi, bu öhdəliyin də həyata keçirilməsini müxtəlif bəhanələrlə ləngitməsi onun qeyri-konstruktiv və pozucu fəaliyyətindən xəbər verir. Çünki 30 ilə yaxın qonşu dövlətin ərazilərini işğalda saxlayan, məğlub olsa da, hələ də qanunsuz silahlı dəstələrini torpaqlarımızdan çıxarmayan, habelə Azərbaycan ərazisində hərbi təxribatlar törədən də məhz Ermənistandır.

Beləliklə, üçtərəfli bəyanatların icrası üzrə Azərbaycan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirsə də, Ermənistan 2 ilə yaxın müddətdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Dövlətimizin əsas tələbləri odur ki, həmin ərazilərin demilitarizasiyası baş tutmalı, Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni hərbi birləşmələrinin ünsurləri Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bu tələblər yerinə yetirlməsə, Azərbaycan Ordusunun bundan sonra da terror və təxribatlara qarşı qətiyyətli addımlar atacağına şübhə yoxdur.