YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qətiyyətlə tələb edir

“Biz qalib ölkəyik, ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaq istəmirsə, qoy bunu bizə açıq desinlər ki, biz nə edəcəyimizi bilək. Bizim cavabımız necə olacaq. Bunu indi demək, yəqin ki, yersizdir”. Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 15-də bu ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə səsləndirdiyi fikirlər öhdəliklərini yerinə yetirmək istəməyən Ermənistan rəhbərliyinə konkret, aydın mesaj idi.

Söhbət 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli Bəyanatın konkret bəndinin yerinə yetirilməsindən gedir: "Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir".

Bu bəyanatın imzalanmasından 20 aydan çox vaxt keçir və bu müddət ərzində biz dəfələrlə qanunsuz silahlı birləşmələrin Azərbaycan ordusuna qarşı təxribatlarının şahidi olmuşuq. Dəfələrlə belə təxribatların qarşısını alan Azərbaycan indi “Qisas” əməliyyatı ilə göstərdi ki, istənilən vaxt, istənilən yerdə düşmənə zərbə endirə bilər.

Biz görürük ki, 10 noyabr Bəyanatının imzalanmasından keçən dövr ərzində bir çox bəndlər yerinə yetirilməmiş qalır. “Sülhməramlı kontingentin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi”, “Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası” bəndləri reallaşmayıb.  Azərbaycan tərəfi yolun inşasını demək olar, başa çatdırıb. Ancaq ermənilər həmin ərazilərdən çıxmayıblar. “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat”ı bəndi, yəni Zəngəzur dəhlizi məsələsi ilə əlaqədar Ermənistan öhdəliyini yerinə yetirmir.

Beləliklə, əksər bəndlər yerinə yetirilməyib, ya da yarımçıq yerinə yetirilib. Ermənistan bir tərəfdən hərbi təxribat törədir, digər tərəfdən isə sözdə “sülh” istəkləri ilə bağlı bəyanatlar verir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqeləri intensiv atəşə tutulub, nəticədə hərbi qulluqçu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bu qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Eyni zamanda, Ermənistan bu hərbi təxribatları ilə beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir.

Azərbaycan dövləti, rəşadətli ordusu ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün fəaliyyətini bundan sonra da davam etdirəcəkdir. Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir.

Azərbaycanı “aqressiv fəaliyyət”də ittiham edən Ermənistan hərbi birləşmələri 30 ilə bizim tarixi torpaqlarımızı işğal etmiş, bu ərazilərdə vandalizm aktı törətmişdir.  Azərbaycan Respublikası dəfələrlə bildirib ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Müdafiə Nazirliyinin də bəyan etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaqdır. Bu isə ədalətli cəzadır.