YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Bölgədə sülh və sabitliyin təmin olunması üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir

“Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən avqustun 3-də səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulması, bir əsgərimizin şəhid olmasında sonra qalib Azərbaycan Ordusu  qanunsuz erməni dəstələrinə qarşı uğurlu “Qisas” əməliyyatı həyata keçirdi. Qanunsuz erməni silahlı dəstələri tərəfindən yaradılan bu gərginlik bu gün dünyada geniş müzakirə mövzusuna çevrilib. Dünya gücləri yaranan bu gərginlikdən narahatlıqlarını ifadə edirlər. Narahatlıq başa düşülən olsa da, bəzi məsələlərə aydınlıq gətirilməsi vacibdir. Belə ki, Azərbaycan tərəfi iki ilə yaxındır ki, Ermənistanın 10 noyabr  2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri yerinə yetirmədiyini bildirsə də bəzi dünya gücləri ənənələrinə uyğun olaraq susmağa üstünlük verirlər. Azərbaycanın təklif etdiyi və beynəlxalq hüquqa əsaslanan 5 prinsip əsasında sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olan Ermənistan  bunu atdığı hər addımında qabarıq şəkildə büruzə verir. 3 avqust təxribatı da bunun bariz nümunəsidir. Azərbaycan 30 ilə yaxın işğal dövründə işğalçı dövlətin belə  gedişlərinin mütəmadi şahidi olub. Danışıqlar prosesinin vaxtı yaxınlaşanda  Ermənistan ya müxtəlif bəhanələrlə yayınır, ya da cəbhə xəttində atəşkəsi pozaraq  uzun müddət bu məsələnin müzakirə olunmasına çalışırdı. Təbii ki, bu hal   danışıqların təxirə salınmasına yol açırdı ki, bu da öz növbəsində Ermənistana  yeni müharibə planları hazırlamasına vaxt qazandırırdı. Bu gün də eyni oxşar ab-hava yaşanmaqdadar. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatı məsələsi müzakirə olunur və Ermənistandan sülh müqaviləsinin imzalanması üçün konkret addım gözlənilir. İşğalçı dövlət bunun qarşılığında təxribatlar törətməklə diqqəti yayındırmağa çalışır. Diqqət çəkən məqamlardan biri də budur ki, ermənilər yenə də  saxta informasiyalar yaymaqla həqiqəti gizlətməyə və dünyanın diqqətini özlərinə çəkməyə cəhd edirlər. Azərbaycan tərəfini guya üçtərəfli Bəyanatı pozmaqda ittiham edən Ermənistan Xarici İşlər Nazirliyinə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı məlumatda bildirir ki, üçtərəfli Bəyanatın 4-cü maddəsinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, qanunsuz erməni silahlı qüvvələrinin indiyədək Qarabağdan tamamilə çıxarılmaması onların mütəmadi olaraq terror əməlləri törətmələrinə, günahsız insan tələfatına səbəb olur: “Ermənistan tərəfinin törətdiyi təxribatlarını ört-basdır edərək Azərbaycanı öhdəlikləri pozmaqda ittiham etməsi riyakarlıqdır. Azərbaycan Ordusunun həyata keçirdiyi "Qisas" əməliyyatı antiterror əməliyyatıdır. Postmünaqişə dövrünün əsas çağırışlarından biri dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır ki, Azərbaycanın atdığı hər bir addımının əsasında bu məqsəd dayanır”.

“Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısı təbii ki, qətiyyətlə alınacaq. Avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı törədilən terror-təxribat əməli nəticəsində  Azərbaycan əsgəri Anar Kazımov şəhid olub. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən Vətən oğullarının qanı, canı bahasına bu Qələbənin əldə edildiyini önə çəkərək bu məqamı da xüsusi qeyd edir ki, onların qisası döyüş meydanında alındı. Avqustun 3-də həyata keçirilən “Qisas” əməliyyatı da bunun təsdiqidir. İşğalçı dövlət 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsi tez unutmağa çalışsa da Azərbaycan Ordusu onların hər bir təxribatının qarşısını qətiyyətlə almaqla bu dərsi onlara unutdurmur. Üçtərəfli Bəyanatın bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Ermənistan kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu cür əməliyyatlar təkrarlana bilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözlərini bir daha yada salmaq istərdik: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”, - deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb.

“Ermənilər zaman-zaman öz himayədarlarının dəstəyi ilə törətdikləri təxribatlara haqq qazandırmaq üçün Azərbaycan tərəfini ittiham etməklə məşğul olublar” söyləyən Vüqar Rəhimzadə  qeyd edib ki, işğalçı dövlət gələcəyə deyil, keçmişə baxdığı üçün  elə düşünür ki, istər Azərbaycan, istərsə də dünya 30 illik işğal dövrünün Azərbaycanı, həmçinin dünyasıdır: “Xeyr! Dünya dəyişir, dünya siyasətində dəyişikliklər baş verir. Artıq haqqın, ədalətin kimin tərəfində olduğunu  Azərbaycanın gücü, həyata keçirdiyi siyasət nəticəsində əksər dünya gücləri  qəbul edib və fəaliyyətlərini bu istiqamətdə qurublar. Dünyanın əksər gücləri  Azərbaycanla Ermənistan  arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu atdıqları addımları ilə təsdiqləyirlər. Ermənistana  havadarlıq edən bəzi qüvvələr öz yardımçı funksiyalarını gizli şəkildə həyata keçirməklə nəyəsə nail olacaqlarını düşünsələr də Azərbaycanın qalib, diktə edən tərəf olduğunu unutmamalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ədalətin,  beynəlxalq hüququn mövcudluğunu dünyaya sübut edən, həmçinin  müharibənin getdiyi günlərdə ermənilərin cəbhə xəttinə yaxın olan ərazilərimizdə törətdiyi terror aktlarını əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdıran, düşmən tərəfin feyk xəbərlərini ifşa edən Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı deyil. Elə o zaman da, bu gün də ermənilərin törətdiyi təxribatların qarşısı qətiyyətlə alınıb. Azərbaycanın  öz ərazisində belə cəhdlərin qarşısını alması  suveren hüququdur”.

YAP Xətai rayon təşkilatının sədri bir daha diqqəti Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına yönəldərək bildirib ki, yaşanan son gərginliyin səbəbi məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasıdır: “Avqustun 3-də Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir. Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Bir mühüm məqamı bir daha qeyd etmək istərdik ki, Ermənistanın kapitulyasiyasının təsdiqi olan bu sənəddən irəli gələn öhdəliklərini yerinə yetirməməsi onun işğal dövründə BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymamasının davamıdır. Bu baxımdan ki, həmin qətnamələrdə də keçmiş Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu önə çəkilərək bəyan edilirdi ki, erməni silahlı birləşmələri bu torpaqları qeyd-şərtsiz tərk etməlidirlər. Amma göründüyü kimi, Ermənistan qanunsuz silahlı dəstələrini tam şəkildə ərazilərimizdən çıxarmaq istəmir. Azərbaycan  öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir. Əvvəldə də qeyd etdiyimiz kimi, dünya gücləri, o cümlədən ABŞ tərəfindən verilən açıqlamalarda Qarabağ ətrafında intensiv döyüşlərdən, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirildiyi qeyd edilir. ABŞ  Dövlət Departamentinin bəyanatında  gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırış edilir. Göründüyü kimi,   münaqişənin həllindən söhbət getmir. Çünki Azərbaycan özü münaqişəni həll edib. Ona görə də Ermənistan öhdəliklərini yerinə yetirməli, Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsinin onun üçün son şans olması barədə ciddi düşünməlidir. Unutmamalıdır ki, bu təkliflər sona qədər masada qalmayacaq. “Dəmir yumruq” yerindədir!”.