YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Asif Abışovun ordeni ailəsinə təqdim olunub

Vətən müharibəsi şəhidi Abışov Asif Əlövsət oğlunun ölümündən sonra təltif edildiyi “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni Bərdədə ailəsinə təqdim olunub

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon icra hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinin nümayəndəsi kapitan Samir Məmmədov şəhidin ailəsini ziyarət ediblər.

Görüş zamanı şəhid Asif Abışovun ailəsi onun şərəfli həyat və döyüş yolundan danışıblar. Bildirilib ki, Vətən müharibəsi başlanan ilk gündən döyüşlərə atılan Asif Abışov öz cəbhə yoldaşları ilə birlikdə Füzulinin, Xocavəndin düşmən işğalından azad edilməsi uğrunda böyük igidliklər göstərib. Noyabrın 2-də Xocavənd uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ordenin təqdim edilməsi mərasimində Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindən, qazanılan tarixi Qələbədən danışılıb. Bildirilib ki, qəhrəman oğullarımızın ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdikləri fədakarlıqlar bu gün dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onlar orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Şəhid Asif Abışovun ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.