YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada azərbaycanlı və rusiyalı veteranların görüşü keçirilib

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB), Aydın Qurbanov Xeyriyyə Fondu və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) birgə təşkilatçılığı ilə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə veteranlarla təntənəli görüş keçirilib.

Moskva çayında gəzinti teploxodunda təşkil olunmuş bayram tədbirində Azərbaycandan gəlmiş veteranlar, Rusiya Veteranlar Şurasının üzvləri iştirak ediblər.

ÜAK-ın icraçı direktorunun müavini İlqar Hacıyev tədbiri açaraq qeyd edib ki, Konqres və RAGB-ın təşəbbüsü ilə Moskvada və Rusiyanın regionlarında Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə “Biz böyük qələbənin varisləriyik” adlı aksiya keçirilir. İki aydır keçirilən aksiya çərçivəsində təşkil olunan görüşlər təkcə Moskvanı deyil, Rusiyanın bütün regionlarını əhatə edir.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev ölkəmizin Böyük Vətən müharibəsində Qələbəyə töhfəsindən danışıb. O, bu barədə məlumatların təkcə Azərbaycanda deyil, Rusiyada və digər ölkələrdə geniş yayılmasının vacibliyini vurğulayıb.

RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev təşkilatın sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Böyük Qələbə münasibətilə təbriklərini veteranlara çatdırıb, gənc nəslin vətənpərvər ruhda böyüməsində onların rolunu vurğulayıb.

Rusiya Veteranlar Partiyasının Rəyasət Heyətinin üzvü, marşal Vasili Çuykovun nəvəsi, Nikolay Çuykov çıxışında hər beş azərbaycanlıdan birinin İkinci Dünya müharibəsinin iştirakçısı olduğunu söyləyib: “Bu, 690 min nəfər deməkdir. 400 mindən çox azərbaycanlı orden və medallara, 128 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb”. N.Çuykov Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun şücaətindən söz açıb, Bakı neftinin Qələbədə həlledici rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən azərbaycanlı müharibə veteranları Tofiq Əhmədov, Seyfulla Baxışov, Zemfira Kərimova və başqaları müharibə illəri ilə bağlı xatirələrini bölüşüblər.