YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dili qədim və zəngin ədəbi dildir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdəndir. Dövlət dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsədyönlü islahatlar nəticəsində lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub. Ulu Öndərin böyük səyləri nəticəsində respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilib. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişaf etdirilməsi yolunda yeni üfüqlər açılıb. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi layiqli yerini tutub. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dilimizin inkişafına xüsusi önəm verilib, bu istiqamətdə müxtəlif taleyüklü Fərman və Sərəncamlar qəbul olunub. Ana dilinə hər zaman həssaslıqla yanaşan Ümummilli Lider deyirdi: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var”.

Azərbaycan dili öz mahiyyətinə görə indi dünyanın ən zəngin milli dillərindən biri sayılır. Bu dilin özünəməxsus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili, hər şeydən əvvəl, xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa malikdir. Azərbaycan dilindən həm respublikamızda, həm də xarici ölkələrdə istifadə olunur. Dünyanın 87 ölkəsində bu dildə danışanlar vardır. Ümumiyyətlə, ana dili kimi Azərbaycan dilində 45 milyondan artıq adam danışır.