YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionların sosial-iqtisadi inkişafı mühüm prioritetlərdəndir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Respublikamızda regionların inkişafı Prezident İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi davamlı sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətlərindən biridir. Təsadüfi deyil ki, 2004-cü ildən etibarən respublikamızın regionlarının sosial-iqtisadi inkişafını ehtiva edən dörd Dövlət Proqramı qəbul edilmişdir. Dövlət Proqramlarının üçü müvəffəqiyyətlə yerinə yetirilmiş, bu istiqamətdə qəbul edilmiş sayca dördüncü Dövlət Proqramı hazırda postmüharibə dövründə yaradılmış yeni reallıqlar fonunda uğurla yerinə yetirilməkdədir. Yerinə yetirilmiş və yerinə yetirilməkdə olan Dövlət Proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Dövlət Proqramlarının yerinə yetirilməsi, ölkə rəhbərinin regionlara olan xüsusi diqqət və qayğısı sayəsində respublikamızın hər bir rayonunda elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunmuş, müasir xəstəxanalar, tibb ocaqları, məktəblər inşa edilmişdi.

Göygöl, Masallı və Lerik rayonlarının İcra Hakimiyyətlərinin başçılarını vəzifəyə yeni təyin olunmaları ilə əlaqədar qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bu məsələni xüsusi vurğulamış və yeni təyin olunan İcra Başçılarına gələcək fəaliyyətlərinin qurulması istiqamətində qiymətli tövsiyyələr vermişdi. Cənab Prezidentin verdiyi tövsiyyələrin əsasını vətənə sevgi, regionlarda yaşayan insanlarımızın sosial-rifah halının yaxşılaşdırılması təşkil edirdi.

Təbii ki, insanların sosial-rifah halının yaxşılaşdırılması yeni iş yerlərinin yaradılması, işsizlik probleminin aradan qaldırılması ilə üzvü surətdə bağlıdır və bu istiqamətdə ciddi işlərin görülməsinə rayonlarda sahibkarlıq subyektlərinin inkişafı ilə töhfə vermək olar. Hazırda ölkə rəhbərinin dəstəyi ilə respublikada inkişaf edən sahibkarlıq istiqamətində ciddi addımlar atılır ki, bu xüsusilə inşaat, kənd təsərrüfatı, turizm sahələrini daha çox əhatə edir.

Regionların sosial-iqtisadi inkişafından danışarkən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sarsılmaz iradəsi, Şəhid və qazilərimizin fədakarlığı sayəsində düşmən işğalından azad olunmuş doğma torpaqlarımızda başlanmış tikinti-quruculuq işlərinə də xüsusi diqqət yetirmək lazımdır. İşğaldan azad edilmiş rayonlarda işlər planlı şəkildə, ən inkişaf etmiş ölkələrin standartları əsasında şəhərsalma və ekoloji normalar gözlənilməklə aparılır.

Beləliklə, regionların sosial-iqtisadi inkişafının təmin olunması mühüm prioritetlərdəndir.