YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqı öz dili yaşadır

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri 

Hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli mənəvi dəyərlərində ehtiva olunur. Həmçinin reallığa söykənən bu mühüm məqam da daim önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə doğru inamla addımlayan xalq hər zaman tarixin sərt sınaqlarındam şərəflə çıxacaq. Bu fikirlər Azərbaycan xalqının timsalında özünü doğruldur. Bütün dövrlərdə dilinə, milli-mənəvi dəyərlərinə, tarixinə, mədəniyyətinə bağlılıq nümayiş etdirərək onların inkişafı istiqamətində mühüm addımlar atan Azərbaycan dünyanın diqqət mərkəzində olub. Məhz keçilən yola söykənərək ulu öndər Heydər Əliyev bildirmişdir ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşib. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil. Ümummilli Liderin  milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir. Dahi şəxsiyyət, eyni zamanda, gənclərə bu çağırışı edirdi ki, tariximizi yaxşı öyrənin, dilimizi, milli mənəvi dəyərlərimizi qoruyun.  Ulu Öndərin 2001-ci il 18 iyun tarixli “Azərbaycan dilinin tətbiqi işinin  təkmilləşdirilməsi haqqında”,  2001-ci il 9 avqust tarixli  “Azərbaycan əlifbası və  Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanları da deyilənlərin təsdiqidir. Gənc nəslin milli ruhda tərbiyə olunmasının prioritetliyi bütün dövrlərdə atılan addımlardan aydın görünür.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır” bildirərək bunu real addımları ilə təsdiqləyir. Ana dilimizi xarici təsirdən qorumalıyıq. Azərbaycan xalqının, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Dilimizin saflığını daim qorumalıyıq. Dövlət başçısı İlham Əliyevin 2018-ci  ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da məhz bu məqsədə xidmət edir. Sənəddə də qeyd edilir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi də inkaredilməz həqiqətlərdir. Məhz bu problemlərin həlli məqsədilə imzalanan Fərmana  əsasən dövlət dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradıldı. Əsas olan budur ki, milli varlığımız kimi dəyərləndirdiyimiz dilimizə hörmətlə yanaşaq, onun tətbiqi ilə bağlı həyata keçirilən təkmilləşmə, yeniləşmə proseslərinə  töhfəmizi verək.

Azərbaycanın zəngin tarixinin formalaşmasında önəmli rolu və xidmətləri olmuş böyük şəxsiyyətlərimiz ana dilimizi mənəvi Vətən kimi dəyərləndirmişlər. Dil, xalq və dövlət anlayışları  bəşər tarixində önəmli yer tutduğu  kimi, qloballaşma dövründə də həmin dəyərini  qoruyub saxlamaqdadır. Reallıq budur ki,  dil olmasa xalqlar, xalq olmasa dövlətlər bir-birindən fərqlənməzlər. Bir sözlə,  xalqı onun dili, dövləti isə onun xalqı yaşadır. Məhz bu kontekstdən yanaşdıqda  hər bir dövlətin təhlükəsizliyi ilə bağlı amillər sırasında  dilinin qorunması və zənginləşdirilməsi  əsas yer tutur ki, dövlətimizin bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqətdədir. Nəzərə alsaq ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır, bu halda onun əsasını təşkil edən dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin inkişaf etdirilməsinin prioritetliyi özünü daha qabarıq şəkildə büruzə verir.