YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağsuda şəhidlərin doğum günü qeyd olunub

Ağsu rayonu Çaparlı və Keçdiməz kəndlərində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimiz Rəhimov Yalçın Elçin oğlu və Qurbanov Qamət Şəmşir oğlunun doğum günü qeyd edilib.

Tədbirdə Ağsu rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndələri, Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının nümayəndəsi, partiya fəalları, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

Öncə şəhidlərimizin doğulduğu Çaparlı və Keçdiməz kəndində yerləşən məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad olunub.

Tədbir şəhidlərimizin adına verilən ehsan süfrəsi ilə davam etdirilib. Tədbir iştirakçıları şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.

Şəhidlərimizin ailələri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Rəhimov Yalçın Elçin oğlu Vətən müharibəsində Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu kimi şərəfli döyüş yolu keçib. Vətən müharibəsi başlanan gündən bir çox döyüş əməliyyatlarında iştirak edərək böyük qəhrəmanlıq və şücaət göstərərək düşmənin xeyli sayda itki verməsinə nail olub. Rəhimov Yalçın noyabr ayının 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qurbanov Qamət Şəmşir oğlu isə Vətən müharibəsində Azərbaycan Ordusunun pulemyotçusu kimi hərbi xidmətini yerinə yetirib. 29 sentyabr tarixində Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.