Xəbərlər
Böyük Qayıdış reallığa çevrilir

Tural Qasımlı
YAP Şamaxı rayon təşkilatının sədri
Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkənlərə ümid işığı oldu. Soydaşlarımızın işğaldan azad edilmiş ərazilərdəki doğma yurdlarına qayıtmasına real imkanlar yarandı. Artıq uzun illərdən bəri məcburi köçkünlük həyatının ağrı-acılarını, iztirablarını yaşayan həmvətənlərimizi yeni işıqlı həyatın ürək rahatladan, könül açan günləri gözləyir.
Böyük Qayıdış planına uyğun olaraq insanların doğma yurd-yuvalarına qayıtması üçün bütün imkanlar səfərbər edilib.
Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılması dövlətimizin xüsusi həssaslıqla yanaşdığı və diqqətdə saxladığı prioritet məsələlərin önündə gəlir. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Bütün bunlar Böyük Qayıdışı sürətləndirən infrastruktur layihələrdir.
İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi.
“Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Öz torpaqlarına qayıdan sakinlərin əmək məşğulluğunun təmin edilməsi üçün proqramlar hazırlanmaqdadır. Ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı, yeni məşğulluq növlərinin yaradılması da dövlət tərəfindən hazırlanan planların tərkib hissəsidir.