YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan söz sahibi olan gücə çevrilib

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Avropa İttifaqının qloballaşma siyasətinin mühüm cəhətlərindən biri də “regionlaşma” proqramına əhəmiyyət verməsindədir. Bu siyasətin əsas mahiyyəti milli sərhədləri nəzərə almadan konkret bir regionda iqtisadi, mədəni, sosial və investisiya proqramı reallaşdırmaq və nəticədə həmin bölgəni müəyyən sahə üzrə ixtisaslaşdırmaqdan ibarətdir. Özü də bu siyasət təkcə Avropa qitəsində deyil, dünyanın əlverişli əhəmiyyəti olan istənilən bölgəsində həyata keçirilir. Məsələn, Avropa İttifaqının Orta Asiya, Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirdiyi enerji və nəqliyyat-kommunikasiya siyasəti buna misal ola bilər. Mərkəzi Asiya və Xəzərin karbohidrogen və digər xammal ehtiyatlarını vahid sistem üzrə mənimsəmək, dünya bazarına çıxarmaq, Avropanın qabaqcıl texnologiyasını regionda tətbiq etmək, regionu vahid iqtisadi fəaliyyət məkanına və satış bazarına çevirmək, əmək resurslarından birgə istifadə etmək məqsədilə bu bölgədə siyasi, iqtisadi, sosial, qanunvericilik, gömrük, vergi və tarif siyasətinin Avropa standartlarına uyğunlaşdırılması və universallaşdırılmasına hər cür dəstək verir.

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər. Enerji təhlükəsizliyini Avropa İttifaqı baxımından qiymətləndirdiyimiz zaman enerjinin Avropa və beynəlxalq bazarlara sərbəst və fasiləsiz, tələb olunan miqdarda etibarlı və müxtəlif təchizatçılardan və əlverişli qiymətlərlə nəql edilməsidir. Bundan əlavə, təmiz enerji mənbələrinə çıxış, enerjidən istifadədə yüksək səmərəliliyin təmin edilməsi, enerjidən istifadədə mənbələrin şaxələndirilməsi, daxili enerji istehsal imkanlarının araşdırılması və bütün bunlarla əlaqəli ətraf mühitin qorunması enerji təhlükəsizliyi baxımından Avropa İttifaqı üçün böyük strateji əhəmiyyətə malikdir.

İqtisadi və siyasi potensialına görə beynəlxalq aləmdə mühüm təsir gücünə malik olan Avropa İttifaqı dünya ölkələri ilə çoxşaxəli əməkdaşlıq əlaqələri qurmuşdur. Səviyyəsinə və xarakterinə görə fərqlənən bu əlaqələr xüsusi proqramlar çərçivəsində həyata keçirilməsinə önəm verilir. Həmin proqramlar əməkdaş ölkələrlə iqtisadi, sosial, mədəni əlaqələrin geniş spektrini əhatə edir.

Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr də məhz belə proqramlar çərçivəsində müxtəlif sahələr üzrə iqtisadi və siyasi islahatlara dəstək, Şərq- Qərb nəqliyyat - kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. çərçivələrdə inkişaf etdirmişdir. Azərbaycan Respublikası da zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malik ölkələrdəndir. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını müasir Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində 1994-cü ilin sentyabr ayının 20-də imzalanmış “Əsrin müqaviləsi”ndən götürmüşdür. Müstəqilliyin ilk illərində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa - Qafqaz - Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir. Burada biz enerji təhlükəsizliyi istiqamətində də əlaqələrin inkişafını xüsusi olaraq qeyd edə bilərik. Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Əldə olunan nəaliyyətlər və gələcək layihlər üzərində işlərin aparılması enerji siyasətində ölkəmiz, xalqımız və region üçün böyük faydalar verdiyi şübhəsizdir.

Cari ilin İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxışları zamanı Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əlqələrində enerji sahəsində əməkdaşlığın 15 ildən artıq tarixə malik olmasını xüsusi olaraq vurğulamış və bu sahədə 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalanmasını qeyd etmişdir. Qeyd edək ki, bu sahədə növbəti uğurlu addım 2018-cı ildə Cənub Qaz Dəhlizinin açılışı oldu. Bununla Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin əsası qoyuldu. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşınan 3500 kilometrlik "Cənub qaz dəhlizi” üç kəmərdən - CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) ibarətdir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP 2020-ci ilin dekabrında tamamlandı. Onu da qeyd etmək lazımdır ki, uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm rola malik Azərbaycanın təşəbbüsü ilə bu layihənin reallığa çevrilməsi şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsi kimi də tarixə düşdü.

Bu sahədə son olaraq növbəti uğurlu addım isə heç şübhəsiz cari ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumudur. Memarandomun imzalanmasının əhəmiyyəti haqqında mətubatda bəyantla çıxış edən Prezident İlham Əliyev bildirmişdir: “Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir”.

Beləliklə, memoranduma əsasən Azərbaycandan Avropaya nəql olunan qazın idxalı iki dəfəyədək artacaq. Bərpa olunan enerji sahəsində də əməkdaşlığın dərinləşməsinə yol açacaqdır. Bu yeni memorandum Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və siyasi dialoqu daha da gücləndirəcəkdir. Bunun vasitəsi ilə Avropa İttifaqı bir daha Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz dəstəyini bildirməsini bəyan etdi. Bununlada biz, Azərbaycanla Avropa İttifaqı əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq uğurla inkişaf etməsini qeyd edə bilərik.

Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini prioritet hesab edən ölkəmiz Asiya ilə Avropanı birləşdirən, iki qitə arasında yeni-yeni nəqliyyat əlaqələrini təmin etməklə regionda böyük güc mərkəzinə çevrilmişdir. Təbii ki, bütün bunların başlıca səbəbi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusunun şərəfli tariximizə çevrilən 44 günlük Vətən müharibəsində əldə etdiyi əsrarəngiz Zəfər və bu səbəblə regionda yaranan reallıqlardır. 

Son olaraq qeyd edək ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər fonunda Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan münasibətlərin davamlı surətdə inkişaf etməsi, gündəlikdə duran məsələlərin həlli baxımından ortaq maraqların birləşdirilməsi, xüsusilə günümüzün təbii reallığına və ehtiyacına çevrilən enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi onu deməyə əsas verir ki, əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək və müttəfiqlik səviyyəsinə yüksələcək. Bütün bunlarda Azərbaycanın Avropaya, eləcə də qloballaşan dünyaya inteqrasiyasını surətləndirərək vətənimizi bütün sahələrdə söz sahibi olan böyük bir gücə çevirib və bu proses daim əbədi olaraq belə də davam edəcəkdir.