YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni prioritetlər müəyyənləşdirilir, hədəflər reallığa çevrilir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Dünya neft və enerji sənayesinin inkişafında xüsusi mövqeyi ilə seçilən Azərbaycan etibarlı tərəfdaş kimi nüfuzunu artırır. 20 sentyabr 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi imkanlarını artırmaqla yanaşı, siyasi mövqeyini daha da möhkəmləndirdi. Ölkəmizin bu gününə və gələcəyinə inam artdı. “Əsrin müqaviləsi”ndən bu günədək imzalanan anlaşma memorandumları,  neft və qaz sazişləri bütün bunlara stimul verdi. Regional çərçivədə qurulan əməkdaşlıq bu gün coğrafiyasını daha da genişləndirərək beynəlxalq miqyas alıb. Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilir. Artıq Bakıda ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin  toplantısı  ötən dövrdə enerji sektorunda qazanılan uğurların  təhlili və hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev bildirir ki, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi ilə bağlı məsələlərin nə dərəcədə mühüm olduğunu sübut etməyə ehtiyac yoxdur.  Azərbaycan nəhəng neft-qaz ehtiyatları və bərpaolunan enerji potensialına malik ölkə olduğundan  biz öz məsuliyyətimizi başa düşürük. Birgə yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərinin də hüdudlarını aşır. Çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına, prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək edir.

Ölkə Prezidenti daim çıxışlarında  etibarlılıq amilini önə çəkir. Təbii ki, ölkələr arasında  əlaqələr qarşılıqlı hörmət prinsipləri əsasında qurulduqda   hədəflər qısa zamanda gerçəkləşir, yeni prioritetlər müəyyənləşdirilir. Azərbaycan təşəbbüsləri reallığa çevirməklə həm layihələrdə iştirakçının, həm də dünya dövlətlərinin dayanıqlı inkişafını təmin edir.  Cənab İlham Əliyev “Əlbəttə, biz gələcəyə baxmalıyıq” söyləyərək bu əminliyi ifadə edir ki,  ənənəvi əməkdaşlıq sahələri, gələcək planlar mütəmadi müzakirə edilir, ortaq mövqe ortaya qoyulur.

Bərpaolunan enerji mənbələri ilə bağlı məsələlər bu gün əsas  müzakirə olunan mövzular sırasındadır.  Azərbaycan öz “yaşıl enerji” siyasətinə münasibətdə çox işlər görür.  İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan  “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nda da bərpaolunan enerji  mənbələri məsələsi xüsusi önə çəkilir. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ölkəmizin  bu sahədə böyük potensiala malik olduğunu bildirərək belə bir fikri xüsusi qeyd etmişdir ki, Azərbaycan bütün sahələrdə etibarlı tərəfdaşdır.

Bu fikrin özündə bütün məqamları ehtiva etdiyi aydındır. Azərbaycanla Avropa İttifaqı arasında  imzalanan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu özlüyündə ölkəmizin etibarlı  tərəfdaş kimi möhkəmlənən mövqeyinə işıq salır.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb.  Bərpa işlərinə başlanan zaman hər bir rayonun malik olduğu iqtisadi imkanların təhlili də əsas diqqət göstərilən məsələlər sırasında oldu. Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların bölgüsünün həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzur  iqtisadi rayonlarının yaradılması  siyasi tərəfi ilə  yanaşı, iqtisadi əhəmiyyəti ilə də diqqətdə oldu. Hər bir bölgə özünəməxsus iqtisadi potensiala malikdir. Dövlət başçısı İlham Əliyev bu ilin 6 ayının  yekunlarına həsr olunan müşavirədə  Qarabağın və Şərqi Zəngəzurun  malik olduğu  külək, Günəş və su mənbələrindən geniş bəhs etdi.

Ümumilikdə, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələrinin davamlığını təmin etmək üçün böyük potensiala malikdir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması bu fikri böyük əminliklə qeyd etməyə əsas verir.  Bu potensialdan səmərəli istifadə etmək üçün səylər birləşdirilir, təcrübə mübadiləsinin aparılmasına çağırışlar edilir. Dövlət başçısı İlham Əliyevin bu il  Bakıda keçirilən  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında səsləndirdiyi “Bir daha qeyd edim ki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək” fikirləri əməkdaşlığın yeni formatda inkişafının hədəflərin gerçəkləşdirilməsində roluna aydınlıq gətirir.