YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın imkanları və beynəlxalq nüfuzu artır

Şəhla Abdullayeva

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri

“Əsrin müqaviləsi”nin imzalanması ilə dünya iqtisadi sisteminə inteqrasiyasının, dayanıqlı iqtisadi inkişafının əsasını qoyan Azərbaycan illər geçdikcə regional çərçivədə qurulan əməkdaşlıq əlaqələrinin coğrafiyasını daha da genişləndirdi, reallığa çevirdiyi enerji layihələri vasitəsilə dövlətlər, xalqlar arasında əlaqələri daha da möhkəmləndirdi, bugünümüz üçün böyük potensial yarandı.  Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları biri-birini əvəzlədikcə Azərbaycanın regional əməkdaşlığa, dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri daha da artır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca çoxtərəfli əməkdaşlağın başlanğıc nöqtəsi olan Cənub Qaz Dəhlizi reallığa çevrildi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, enerji şaxələndirilməsi istiqamətində atılan addımlarımız öz bəhrəsini verir. Azərbaycanın icra etdiyi layihələr, onların üstünlüyü ondan ibarətdir ki,  həm marşurutlar, həm mənbələr çoxşaxəlidir. Çünki bu gün bizim üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır.

Uğurlarımıza söykənərək bu fikri də inamla qeyd edirik ki, Azərbaycan dünyada neft-qaz hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayan, ənənəvi keçirilən  Beynəlxalq Xəzər neft-qaz sərgilərində ölkəmizin enerji sektorunda qazandığı uğurlar təqdim edilərək, ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin artdığını da  görürük.

Azərbaycanın Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərlə əlaqələrinin yüksələn xətlə inkişafında da etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyi əhəmiyyətli rol oynayır.  Avropa İttifaqı ilə ayrı-ayrı dövrlərdə imzalanan sənədlər əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyur. Bu baxımdan 2018-ci ildə imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədini xüsusi qeyd edə bilərik.  Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr önə çəkilərək Cənub Qaz Dəhlizinin bu töhfələrin miqyasının daha da genişlənməsi üçün stimul olduğu bildirilir. Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə uğurla başa çatdırılması çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edən mühüm addımlar kimi təqdir olunur. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu sonluqla başa çatdırılmasından bəhs edərkən  ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə bağlı səsləndirilən ürəkaçan fikirlər bütünlükdə Azərbaycanın daxili və xarici siyasətinə verilən dəyər kimi xarakterizə edilir.  Neft-qaz sahəsində görülmüş işləri tarixi hadisə adlandıran, əhəmiyyətini yüksək dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirir ki, bunlar Azərbaycanın regional əməkdaşlıq, dünyanın enerji təhlükəsizliyinin təminatı  istiqamətində apardığı siyasətin uğurudur.

İyulun 18-də  Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində  Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan  “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” da ölkəmizin  beynəlxalq münasibətlər sistemində yeri və roluna bir daha işıq saldı. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Memorandumun imzalanmasından sonra mətbuata bəyanatında bir daha bu fikri bildirdi ki, Azərbaycan həqiqətən bizim üçün mühüm enerji tərəfdaşıdır. Azərbaycan təkcə təchizat təhlükəsizliyi deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı tərəfdaşdır. İmzalanan  Memorandum  enerji tərəfdaşlığımızı daha da gücləndirəcək.

Göründüyü kimi, ölkəmizin imkanları, beynəlxalq nüfuzu da artır. İmzalanan hər bir sənəd əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsində  stimulverici amildir.