YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu enerji diplomatiyası və regional inkişafın aparıcı qüvvəsi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələr göz qabağındadır. Zaman keçdikcə əməkdaşlığın coğrafiyası genişləndirilib. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə çevirib, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirib. Bu fikir daim vurğulanır ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.   

Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. İyulun 18-də Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzlanması da bunun təsdiqidir. Bu Memorandum ölkəmizlə qurum arasında əməkdaşlığın gələcək inkişafında mühüm rol oynayacaq. Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Memorandumun imzalanmasından sonra mətbuata bəyanatlarında sənədin əhəmiyyətindən, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişafından geniş bəhs etdilər. Dövlət başçısı İlham Əliyev bu Memorandumu əməkdaşlığın inkişafında yol xəritəsi kimi dəyərləndirdi.

Avropa İttifaqı ilə əməkdaşlığımızı təsdiqləyən addımların xronologiyasına diqqət yetirərkən 2006-cı ildə Anlaşma Memorandumunun, 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin, 2018-ci ildə isə “Tərəfdaşlığın prioritetləri” adlı sənədin imzalanmasını xüsusi qeyd etməliyik. Hər üç sənəddə ölkəmizlə qurumun əlaqələrinin gələcək inkişafı üçün böyük potensialın olduğu xüsusi qeyd edilir. Avropa İttifaqı Azəribayanı, Azərbaycan isə Avropa İttifaqını tərəfdaş kimi qəbul edir. Aİ-nin bu mövqeyi üzv dövlətlərlə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişafında özünün aydın ifadəsini tapır.

Enerjiyə olan daxili tələbatını yüksək səviyyədə ödəyən Azərbaycan Avropanın enerji təhlükəsizliyinə davamlı töhfələr vermək istəyini atdığı hər addımında təsdiqləyir. Ölkəmizin enerji diplomatiyasının uğurları  davamlıdır.

Neft-qaz sektorunda əldə olunan gəlirlərin təyinatı üzrə xərclənməsi iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsini şərtləndirir. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəyə əsaslanır. “Əsrin müqaviləsi”nin davamı olaraq 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması da Azərbaycanın etibarlı tərəfdaş kimi  mövqeyinin möhkəmlənməsindən irəli gəlir. Yeni tərəfdaşlar, dostlar qazanan Azərbaycan yeni-yeni layihələri gündəmə gətirməklə onların uğurlu sonluqla başa çatmasına  səy göstərir.

Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Memorandumda yer alan mühüm məsələlərdən biri bərpaolunan enerji məsələsidir. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatında Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu bildirmişdir.

Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Hər bir rayon özünəməxsus iqtisadi potensiala malikdir. Bu ərazilərin zəngin bərpaolunan enerji potensialının mövcudluğu bəlli olan faktlardandır. Həmin torpaqlarda elektrik, su elektrik stansiyalarının tikintisinə xüsusi diqqətin göstərilməsi də həm bu torpaqların elektrik enerjisinə tələbatının ödənilməsinə, həm də onların malik olduqları potensialdan səmərəli istifadəyə xidmət edir.

Ümumilikdə, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində qazandığı uğurlar ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, dövlətlər, xalqlar arasında dostluq körpüsünü daha da gücləndirir.

DİGƏR Xəbərlər Arxiv