YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı islahatlar nəticəsində Azərbaycanın milli gücü artır

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə qeyd olunan məqamlar bir daha təsdiq etdi ki, əvvəlki illərdə olduğu kimi, uğurlu inkişaf bu ilin 6 ayı ərzində də davam edib və bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir.

Davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb.  Bu da iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlərin effektli nəticəsidir.

Prezident İlham Əliyev  müşavirədə Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsinə də toxundu. Azərbaycanın regionda vəziyyətin normallaşması istiqamətində lazımi addımları atmasına baxmayaraq, Vətən müharibəsindən 1 il 8 ay  ötsə də, Ermənistan hələ də üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Bizim bu mövqeyimiz, eyni zamanda,  Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İran tərəfindən dəstəklənib və sülh danışıqlarının başlanması üçün əsas yaradılıb.

Bu gün Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda təsbit edilən məsələlərdən boyun qaçırır və öhdəliklərini yerinə yetirmir. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Azərbaycan qalib ölkə kimi öz ərazi bütövlüyünü  bərpa edib. Bunun üçün qalib ölkənin - Azərbaycanın müəyyən etdiyi reallıqları və təklif etdiyi 5 prinsipi qəbul etmək lazımdır. Azərbaycan  10 noyabr Bəyanatının bütün müddəalarını icra edirsə, Ermənistan da bu məsələyə eyni cür yanaşmalıdır.

Azərbaycan Ordusunun müasirləşdirilməsi və daha da gücləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Bu ilin altı ayı ərzində hərbi sahədə, eləcə də hərbi təhsildə ciddi islahatlar aparılıb. Yeni silahlı birləşmələr yaradılıb, yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır. Tez bir zamanda işğaldan azad edilmiş Hadrutda və Kəlbəcərdə komando qüvvələrinin hərbi hissələrə yaradılması onu göstərir ki, Azərbaycanda 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesi sürətlə gedir. 

Qalib ölkə kimi bu gün şərtləri diktə edən tərəf Azərbaycandır. Ermənilərin nə deməsindən asılı olmayaraq, biz qarşımıza qoyduğumuz məqsədə doğru qətiyyətlə irəliləyirik. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarda möhtəşəm abadlıq-quruculuq və yenidənqurma işləri sürətlə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin maliyyə imkanları hesabına vətəndaşlarımızın rahat, firavan yaşaması üçün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Azərbaycan postmünaqişə dövründə qarşıya qoyduğu vəzifələri plan üzrə yerinə yetirir. Artıq hər birimiz  Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri çərçivəsində böyük və əhəmiyyətli  layihələri həyata keçirdiyinin şahidi oluruq. Müasir standartlara cavab verən yollar çəkilir, beynəlxalq hava limanları tikilir.

Azərbaycan Cənubi Qafqaz regionunda inkişafa, sülhün və  əmin-amanlığın  yaradılmasına daim səy göstərir. Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur. Hadisələrin sonrakı inkişafına görə bütün məsuliyyət məhz Ermənistanın üzərinə düşəcəkdir.  Bu, Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər.