YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflərimizə çatmaq üçün milli birliyimizi qorumalıyıq

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Dünyanın pandemiya və müharibələrlə, iqtisadi və siyasi, humanitar böhranlarla savaşdığı bir zamanda 2022-ci ilin birinci yarımilinə olan nəticələrə diqqət yetirdiyimizdə görürük ki, ölkəmiz inkişaf edir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda səslənən rəqəmlər ölkəmizin inkişaf meyillərinin sağlam bünövrə üzərində dinamik, davamlı və dayanıqlı olduğunu göstərməkdədir. Siyasi müstəqilliyimizin əsasında dayanan iqtisadi müstəqilliyimizin tablosu hər bir ölkənin öz fəaliyyəti ilə qürur duyacağı səviyyədir. Bu il orta əməkhaqqı 14 faiz, pensiya 10 faizdən çox artıb. Yarım il ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılmışdır. Dövlətin əlavə gəlirlərini insanların sosial rifahına istiqamətləndirməsi artıq ənənəyə çevrilib.

Son nəticələrə fikir versək, görərik ki, ölkə iqtisadiyyatı 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsi 11,5 faiz artıb. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. Xarici ticarətimiz 70 faizdən, ixracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25 faizdən çox artmışdır. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Nəticələr ürəkaçandır. Lakin hədəflərimiz ötən dövrlərə nəzərən daha da böyükdür.

Azərbaycan vətəndaşmərkəzli siyasət həyata keçirməkdədir. Xüsusi vurğulamaq lazımdır ki, ölkəmiz Vətən müharibəsindən sonra şəhid ailələri, qazilər, müharibə veteranları ilə işin təşkilində böyük əzmkarlıq nümayiş etdirmişdir. Dövlətimiz və xalqımız hər zaman qazilərin, şəhid ailələrinin və veteranların yanında olmağa davam edəcəkdir. Bunu 2022-ci ilin birinci yarımili ilə bağlı iclasda dövlət başçısı bir daha ifadə etdi.

Həssas təbəqələr hər zaman diqqətdə saxlanılır. Yalnız bir məqamı vurğulamaq istərdim ki, bu günə qədər bütövlükdə Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Təhlillər göstərir ki, analoji vəziyyət heç bir ölkədə yoxdur.

Prezidentin göstərişinə əsasən bütün şəhid ailələri mənzillərlə təmin olunacaqdır. Bu istiqamətdə böyük əzmkarlıq və fədakarlıq göstərən Azərbaycan dövləti, hökuməti yaxşı mənada fərqlənməkdədir. Keçən il 3 min mənzil və fərdi ev istifadəyə verilmişdir, bu il isə 1500 mənzil və ev verilir.

Qazilərin fiziki, mənəvi və sosial reabilitasiyası üçün dövlət böyük həssaslıq göstərməkdədir. Müharibədə əlil olmuş bütün hərbçilər, demək olar ki, ən müasir protezlərlə təmin olunublar. Dördüncü nəsil protezlər qazilərin həyatlarını asanlaşdırmağa xidmət edir. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Bunları etməyi özümüzə borc bilirik. Bu məqamda cəmiyyət və dövlət yenə də eyni mövqedən çıxış edir. Bu sahədə ictimai birliklər, özəl şirkətlər və cəmiyyətimizin bütün fərdləri həmfikirdirlər.

Azərbaycanda həyata keçirilən iqtisadi inkişafın əsas mahiyyətini ölkəmizdə mövcud olan siyasi sabitliyə borcluyuq. 1994-cu ildə ulu öndər Heydər Əliyevin ən çətin şərtlərdə dünyanın say-seçmə neft şirkətlərini Azərbaycanda kapital qoyuluşuna cəlb etdiyi zamanlar yəqin ki, bir çoxlarının xatirindədir. İndi xarici investisiyanın qoyuluşu daha da çətinləşib. Siyasi sabitlik olmayan ölkələrə heç kim pul qoymaq, orada iş yerləri açmaq istəmir. Lakin Azərbaycana Vətən müharibəsindən sonra daha çox maraq artmışdır. Çünki regionda müharibə və münaqişə bitmişdir. Bu da kapital qoyuluşu üçün münbit şərait, uyğun mühit formalaşdırmışdır.

Vətən müharibəsinin siyasi nəticələri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu da artırmışdır. İndi dünya ölkələrinin böyük əksəriyyəti bizim haqlı sözümüzü deyir. Qoşulmama Hərəkatının tarixində Azərbaycan faktoruna toxunan Prezident ölkəmizin etimadı doğrultduğunu ifadə etmişdir. Gənclər forumu və Parlament şəbəkəsinin yaradılması təşəbbüsləri də Qoşulmama Hərəkatına verdiyimiz töhfələrdəndir.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, türkdilli dövlətlərlə münasibətləri bizim xarici siyasətimizin əsas prioritetlərini təşkil edir. Eyni zamanda ABŞ və digər ənənəvi güc mərkəzləri ilə münasibətlərin inkişaf etdirilməsi bütün arenalarda özümüzə qarşı hörmət və etimad mühiti formalaşdırmışdır. Qonşularla yaxşı münasibətlərin qurulması, iki qonşu dövlətlə - Türkiyə və Rusiya ilə müttəfiqlik haqqında bəyannamənin imzalanması uğurlu xarici siyasətimizi ifadə etməkdədir. Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və cari il bu istiqamətdə addımlar atılıb. Prezidentin Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşləri bir daha bunu göstərməkdədir.

Biz eyni zamanda etibarlı enerji təminatçısıyıq. Dünyada yaranmış müharibə riskləri, enerji böhranları fonunda sabit siyasət yürüdən Azərbaycanla Qərb dövlətləri, xüsusilə avropalı dostlarımız əməkdaşlığa ciddi maraq göstərməkdədirlər. Azərbaycan qazının, elektrik enerjisinin dünyaya ixrac olunması üçün münbit şəraitin formalaşması, qeyri-ənənəvi enerji infrastrukturunun yaradılması və bazarlara daxil olmaq yeni hədəflərimiz olmalıdır. Biz infrastrukturları tam hazırlayıb ölkələrə özümüz təklif etməliyik. Bu sahədə olan mübarizə çox güclüdür. Biz müasir çağırışlara uyğunlaşmalıyıq.

Ermənilər əsrlər boyu bütün regionun bəlasına çevrilmiş bir xalqdır. Müharibənin başa çatmasından 1 il 8 ay keçməyinə baxmayaraq, Ermənistan 10 noyabr bəyannaməsinin şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan silahlı qüvvələrinin ünsürlərinin Azərbaycan ərazisində olması qəti qəbul olunan hal deyil və məntiqsizdir. Biz qalib dövlət kimi bir neçə saat ərzində onları ərazilərimizdən çıxarmaq iqtidarındayıq. Sadəcə rəsmi İrəvan bununla bağlı öz mövqeyini ifadə etməlidir. İkinci açıq qalan məsələ Zəngəzur dəhlizinin açılması məsələsidir. Ermənistan yenə də manipulyasiya etməkdədir. Yollar bəllidir, sadəcə siyasi iradə göstərmək və Naxçıvana gedən yolları açmaq lazımdır. Laçın yolunun açıq qalması üçün Ermənistan Zəngəzur dəhlizini açmalıdır.

10 noyabr bəyannaməsi zamanı şifahi razılıq olmuşdur ki, status məsələsi dilə gətirilməsin. Amma axır vaxtlar bu ifadə çox səslənir. Bu ifadələrlə Ermənistan öz dövlətçiliyi, ərazi bütövlüyü üçün böyük problemlər yarada bilər. Bizim də Qərbi Zəngəzurla bağlı ciddi, əsaslı və tarixi həqiqətlərə söykənən iddialarımız ola bilər və proses belə davam etsə mütləq ki, bizim də iddialarımız olacaqdır.

İstər sülh müqaviləsi imzalanmasının uzadılması, istər status məsələsinin dilə gətirilməsi bizi yeni addımlar atmağa məcbur edə bilər. Qeyd etdiyimiz məqamları və amilləri təhlil etdiyimiz zaman ordu quruculuğumuzun daha da gücləndirilməli olduğunu görməkdəyik. Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq.

Hədəflərimizə çatmaq, milli maraqlarımızı ləyaqətlə qorumaq üçün milli birliyimizi qorumalı, daha da gücləndirməliyik.