YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsar İsmayılov: Azərbaycanın Qoşulmama Hərəkatında təmsilçiliyi beynəlxalq münasibətlər sistemindəki uğurlu siyasi fəaliyyətinin nəticəsidir

Bildiyimiz kimi, iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı keçirildi. Konfranda dövlət başçısı İlham Əliyev iştirak edərək, geniş və əhatəli çıxış etdi. Konfransın əhəmiyyəti və ölkə Prezidenti İlham Əliyevin çıxışı ilə bağlı açıqlama verən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisatdır: “Qoşulmama Hərəkatına sədrlik etməsi üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi və ölkəmizin uğurlu sədrliyi ən mühüm beynəlxalq uğurlarımızdan biridir. Azərbaycanda dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü xarici siyasət kursu yürüdülür və bu siyasətin nəticəsində dövlətimizin və xalqımızın dünyadakı nüfuzu günbəgün daha da artır, mövqeyi daha da möhkəmlənir. Bu baxımdan ölkəmizin üzv olduğu digər beynəlxalq təsisatlardakı təmsilçiliyi kimi Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyəti də təsadüfi deyil və məhz düşünülmüş, uzaqgörən diplomatik siyasətin bəhrəsidir”.

Rayon təşkilatının sədrinin sözlərinə əsasən dünyada parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq Azərbaycan tərəfindən hərəkatın parlament şəbəkəsinin yaradılması təşəbbüsünün irəli sürülməsi olduqca əhəmiyyətlidir. Təşəbbüsün üzv dövlətlər tərəfindən dəstəklənməsi, paytaxtımız Bakı şəhərində keçirilən konfrans ölkəmizə göstərilən etimadın bariz nümunəsidir: “Bu təşəbbüsün reallaşdırılması dövlətlər arasında həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsinə, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətlərinə önəmli töhfələr verəcək. Azərbaycan bütün ölkələrlə sıx dostluq və əməkdaşlıq münasibətlərində maraqlıdır. Dünyada sülhün və əmin-amanlığını, dialoqun, qarşılıqlı hörmət və etimad şəraitində bütün məsələlərin sivil qaydada həll edilməsinin tərəfdarıdır. Məhz bu səbəbdən dünya ölkələri ilə ikitərəfli, eləcə də müxtəlif beynəlxalq təşkilatlar daxilində münasibətlərin maraqlara uyğun tənzimlənməsi, müəyyən şəbəkələrin yaradılması istiqamətində qətiyyətlə çalışır. Bu mənada ölkəmizin təşəbbüsləri davam edir. Gələn ay Bakıda hərəkatın Gənclər Sammitinin keçirilməsinin planlaşdırılması da deyilənlərə sübutdur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul edirik”.

Vüsar İsmayılov qeyd etdi ki, Azərbaycan hər zaman dünyada hökm sürən ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına qəti etirazını bildirib və haqq səsini ucaldıb. Lakin çox təəssüflər olsun ki, Azərbaycanın 30 ilə yaxın idi üzləşdiyi işğala qarşı bir sıra dövlətlər və beynəlxalq təşkilatlar birmənalı mövqe göstərmirdi. 30 ilə yaxın bir müddətdə torpaqlarımızın zəbt olunması, dağıdılması, həmin ərazilərdə törədilən vandalizm aktlarına qarşı seyrçi münasibət bəslənilirdi. BMT Təhlükəzsilik Şurasının müvafiq qətnamələri isə heç bir nəticə vermədi, kağız üzərində qaldı. Xüsusilə ATƏT-in Minsk Qrupunun yarıtmaz və səmərəsiz fəaliyyəti münaqişənin ədalətli həllində heç bir rol oynamadı. Bununla da ermənilərə nankorluğunu davam etdirməyə, öz məkrli niyyət və əməllərini, təxribatlarını davam etdirməyə münbit şərait yaratdı. Belə olan halda Azərbaycan özü ədaləti bərpa etdi, Vətən müharibəsində zəfər çalaraq torpaqlarını işğaldan azad etdi: “Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin də şahidi olduq. Hətta haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhdlər edilsə də həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələr Azərbaycana qarşı yönəlmiş əməllərin qarşısını aldı. Bununla da ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumu fiaskoya uğradı. Qoşulma Hərəkatında təmsil olunan ölkələr bizə dost ölkələrdir və bu münasibətlərimiz bundan sonra da davam edəcək”.

“Hesab edirəm ki, biz səylərimizi daha da səfərbər etməli, həmrəyliyimizi və əməkdaşlıq münasibətlərimizi daha da gücləndirməliyik. Qoşulmama Hərəkatı dünyadakı problemlərin həllində uğurlu platforma ola bilər, bu istiqamətdə də səylərimizin nəticə verəcəyinə ümid edirik” deyə, Vüsar İsamyılov açıqlamasının sonunda vurğuladı.

DİGƏR Xəbərlər Arxiv