YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsar İsmayılov: Ermənistandakı revanşist qüvvələr unutmasın ki, Dəmir Yumruq yerindədir

“Azərbaycanın 30 ilə yaxın bir müddət ərzində torpaqlarının işğal altında qalmasına, tarixi və əzəli torplaqlarının ermənilər tərəfindən talan edilməsinə, dağıdılmasına, hətta Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsinin olmasına baxmayaraq bu işğal hələ də davam edirdi. Təəssüflə bildiririk ki, bir sıra beynəlxalq təşkilatlar və dövlətlər bu faktlara biganə qalaraq, Ermənistana bu cinayətlərindən geri çəkilərək beynəlxalq hüquqa əməl etməsi ilə bağlı heç bir təzyiq göstərməmişdir. Beləliklə, Ermənistanın işğalının 30 ilə yaxın davam etməsi isə bir daha sübut etmişdir ki, dünyada mövcud beynəlxalq hüquq norma və prinsipləri kağız üzərindədir, güc amili və maraqlar əsas rol oynayır”. Bu sözləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov açıqlamasında bildirib.

Partiyanın rayon təşkilatının sədrinin sözlərinə görə Azərbaycan dövləti və xalqı hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb, ona olan inamını və etimadını itirməyib. Ermənistanla dəfələrlə sülh danışıqları prosesinə qoşularaq, münaqişənin danışıqlar yolu ilə həll edilməsi istiqamətində səylər göstərib: “Ancaq baş verənlər, bir çox beynəlxalq təsisatların və dövlətlərin ədalətsiz mövqeyi, ATƏT-in Minsk Qrupunun yarıtmaz və səmərəsiz fəaliyyəti Azərbaycanı haqlı olaraq daha ciddi addımlar atmağa vadar etdi. Bütün bunlarla yanaşı, Ermənistanın cəzasızlıq mühitindən daha da qızışaraq dövlət sərhədlərimizdə mütəmadi olaraq təxribatlara əl atması, artıq Azərbaycan xalqının birmənalı və qəti etirazına gətirib çıxardı. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi missiyanı şərəflə yerinə yetirərək bu işğala son qoydu, düşmənin işğalçı qüvvələrini məhv edərək, torpaqlarımızı işğaldan azad etdi. Ordumuzun qətiyyəti və şücaəti ilə misli görünməmiş qəhrəmanlıq tarixi yazıldı. Bununla da xalqımız bu işğalla heç bir zaman barışmadığını bütün dünyaya sübut etdi”.

“Şanlı ordumuz çox çətin relyefi olan ərazilərimizi, xüsusilə Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etdi. Bu zəfərimiz xalqımızın, dövlətimizin və ordumuzun həmrəyliyi, qüdrəti, vətənpərvərliyi hesabına mümkün oldu. Biz bütün dünyaya göstərdik ki, azərbaycanlılar təkcə döyüş qabiliyyəti ilə deyil, həm də Vətənə, torpağa olan sevgi və məhəbbəti ilə əsl örnəkdir. Eyni zamanda ölkəmizin müstəqil iqtisadi siyasəti, bu sahədə əldə olunan çoxsaylı uğurlar, diplomatiya və daxili siyasətdəki üstünlüklər qələbəmizi şərtləndirən əsas amillərdən biri idi.” - deyə, vurğulayan Vüsar İsmayılovun fikrinə görə Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmiş və kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur. Biz qalib və yenilməz xalq kimi şəhidlərimizin qanı, canı bahasına işğaldan azad etdiyimiz ərazilərimizdə əbədi olaraq yaşayacağıq. Qürurla qeyd edirik ki, bu gün ölkəmizdə sağlam ruhda, yüksək ləyaqətli, vətənpərvər gəncliyimiz var və yetişməkdə davam edir. 44 günlük Vətən müharibəsində də gənclərimizin Vətənə bağlılığı, torpaqlarımızın bütövlüyünü canından əziz bilən oğullarımızın qəhrəmanlığı bizi qələbəyə apardı. Biz əcdadlarımızın ruhu və gələcək nəsillər qarşısında tarixi missiyamızı ləyaqətlə icra etdik.

İndi önümüzdə azad etdiyimiz ərazilərimizin inşası, yenidənqurulması kimi müqəddəs və taleyüklü missiya dayanır. Həmin ərazilərimizdə hərbi hissələr, xüsusilə komando hərbi hissələri yaradılır. Müharibədən keçən müddət ərzində ordumuzun daha da gücləndirilməsi, daha da müasir silahlarla təchiz edilməsi, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olması istiqamətində lazımı addımlar atılır. Birinci komando hərbi hissəsi ötən ilin 24 dekabrında azad edilmiş Hadrutda, 6 ay sonra isə Kəlbəcərdə istifadəyə verilib. Bir sözlə, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və ordumuz qarşısında duran bütün vəzifələri yerinə yetirmək qüdrətində və iqtidarındadır.

1993-cü ilin aprel ayında o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində işğal altına düşən Kəlbəcər də digər ərazilərimiz kimi vəhşicəsinə dağıdılmış, bütün tarixi yerlərimiz, yaşayış məntəqələrimiz yerlə yeksan edilmişdir. Vətən müharibəsindəki qələbəmizdən sonra Ermənistanın kapitulyasiya aktına imza atması ilə Kəlbəcər bir güllə belə atılmadan boşaldılmış və Azərbaycan tərəfinə təhvil verilmişdir. Hazırda Kəlbəcərin dirçəldilməsi, əvvəlki görkəminə qaytarılması və məcburi köçkün soydaşlarımızın öz yurdlarına ən qısa zamanda geri dönməsi üçün Azərbaycan dövləti əzmlə çalışır.

Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Çünki Kəlbəcər-Laçın zonası iqlim, relyef və təbiət baxımından ən çətin bölgədir. Bütün bunlara baxmayaraq Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır. Kəlbəcər şəhərinin Baş planı təsdiq olunub, artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər, İşğal və Zəfər muzeyləri, mütləq aşıq mərkəzi, lazım olan digər tikililər inşa ediləcək. 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq. Bir sözlə, azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə davamlı quruculuq işləri görülür və gələcəkdə qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlər planları həyata keçirilir.

Vüsar İsmayılovun sözlərinə əsasən Azərbaycan xalqı istəyir ki, müharibə nəticəsində yaradılmış reallıqlar dünya və Ermənistan tərəfindən qəbul edilsin. Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Lakin təəssüslər olsun ki, Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını görürük. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərdə İstisu sanatoriyasının açılış mərasimindəki çıxışı bu istiqamətində bir sıra önəmli mesajların verilməsi ilə yadda qaldı. Dövlət başçısının qeyd etdiyi kimi, Ermənistandakı revanşist qüvvələr unutmasınlar ki, “Dəmir yumruq” yerindədir. Vətən müharibəsində Ermənistanın acı məğlubiyyəti onlar üçün dərs olmalıdır.

DİGƏR Xəbərlər Arxiv