YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkə başçısı Azərbaycan həqiqətlərini, mövcud reallıqları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Prezident cənab İlham Əliyevin yürütdüyü düşünülmüş, məqsədyönlü, mükəmməl siyasət nəticəsində bu gün Azərbaycan nəinki regionda, dünyada lider dövlətlərdən birinə çevrilib. Ölkəmiz dünyada söz sahibidir. Artıq qlobal məsələlərdə Azərbaycanın təklifləri üzərindən dəyərləndirmələr aparılır, dünyada baş verən problemlərin həlli yolları Azərbaycanda müzakirə edilir. Müzəffər Prezidentimiz Beynəlxalq aləmdə keçirilən bütün əhəmiyyətli tədbirlərə dəvət edilir, Onun söylədiyi fikirlər, verdiyi təkliflər maraqla dinlənilir.

Məlum olduğu kimi, cari ilin 27 iyun tarixində  Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyası keçirilmişdir. Forumda Prezident cənab  İlham Əliyev çıxış edərək əhəmiyyətli məsələlərə toxunmuş, Azərbaycan həqiqətlərini, mövcud reallıqları, 30 ilə yaxın bir müddətdə işgal altında olmuş şəhərlərimizdə Ermənilərin törətdiyi vandalizmi, azad edilmiş ərazilərimizdə görmüş və görüləcək işləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış, Qarabağımız haqqında  yaxın gələcəkdəki perspektiv planlardan söz etmişdir.

2022-ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur deyən, Dövlətimizin başçısı məlumat verdi ki, bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Cənab İlham Əliyevin bəhs etdiyi tədbirdə iştirakçılar azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında geniş müzakirələr aparmışlar.

Prezident İlham Əliyev erməni vandalizmindən söz açaraq bir daha ermənilərin işğal zamanı şəhər və kəndləri qəsdən dağıddıqlarını, hər bir mədəni və dini abidəni talan etdiklərini Forum iştirakçılarının diqqətin çatdırdı. Dövlətimizin başçısı  bildirdi ki, Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib.

Ermənistanın hərbi cinayətləri sülh dövründə də davam etdirdiyini vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, “Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb”.

Azərbaycan hər zaman regionda, dünyada sülhün, əmin-amanlığın tərəfdarı olub. Bunun üçün hər zaman üzərinə düşən öhtəlikləri yerinə yetirib. Dövlətimizin başçısı bildirdi ki, Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir.

Prezident İlham Əliyev çıxışı zamanı işgaldan azad edilmiş bölgələrdə görülmüş yenidənqurma işləri barədə də söhbət açdı.Məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşa edilməsidir deyən Dövlət başçısı bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparıldığını vurğuladı.

Beləliklə, Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyası Azərbaycan həqiqətlərini, mövcud reallıqları, 30 ilə yaxın bir müddətdə  işgal altında olmuş şəhərlərimizdə Ermənilərin törətdiyi vandalizmi, azad edilmiş ərazilərimizdə görmüş və görüləcək işləri bir daha  dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından olduqca əhəmiyyətli hadisə oldu.